Accessibility links

Almaniya Kansleri ölkəsindəki siyasi vəziyyətlə bağlı COP29-da iştirak edə bilməyəcəyini bildirib


Arxiv fotosu - Almaniya kansleri Olaf Şoltz və Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada, Berlin şəhərində danışıqlardan sonra keçirilən mətbuat konfransına başlayırlar, 26 aprel 2024.
Arxiv fotosu - Almaniya kansleri Olaf Şoltz və Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada, Berlin şəhərində danışıqlardan sonra keçirilən mətbuat konfransına başlayırlar, 26 aprel 2024.

Noyabrın 9-da Almaniya Kansleri Olaf Şoltz Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini bildirib.

Azərbaycan Prezidentinin mətbuat xidməti məlumatına görə, telefon danışığı zamanı Kansler Şoltz Almaniyanın COP29-da yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.

Prezident Əliyevin COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğuladığı qeyd edilir.

Məlumatda deyilir ki, Kansler Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu, Ermənistanın konstitusional əsasda ölkəsinə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlət başçısının Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırlatdığı, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğuladığı bildirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.

COP-29-un rəsmi məlumatına görə, Bakı sammitində yüzdən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Məlumatda qeydə edilən sülh müqaviləsi ilə bağlı Prezident Əliyevin dediklərinə gəlincə Ermənistan tərəfi hələ buna münasibət bildirməyib.

Tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər sülh danışıqları həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb.

Forum

XS
SM
MD
LG