BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransının (COP29) ilk günündə Azərbaycan hökuməti və UNICEF Uşaq, Gənclik və İqlim Fəaliyyəti ilə bağlı Bəyannamə imzalayıb.
İmzalanma mərasimində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Naziri, COP29-in Prezidenti Muxtar Babayev, UNICEF-in İcraçı Direktoru Ketrin Rassel və COP29-un Gənclik üzrə İqlim Çempionu Leyla Həsənova iştirak ediblər.
UNICEF Azərbaycan hökumətinin uşaq müdafiəsi sahəsində öhdəliklərini alqışlayıb. Rassel vurğulayıb ki, uşaqlar iqlim siyasətinin və maliyyələşdirmə səylərinin mərkəzində olmalıdır.
“Azərbaycanın bu bəyannaməni imzalaması, uşaqları qlobal iqlim gündəliyinin mərkəzinə gətirir”, Rassel qeyd edib.
O, UNICEF-in hesablamalarına əsasən, dünyada təxminən bir milyard uşağın - qlobal uşaq əhalisinin təxminən yarısının - iqlim dəyişikliyi və ekoloji təhlükələrlə yüksək risk altında olan 33 ölkədə yaşadığını qeyd edib.
COP29 Prezidenti Muxtar Babayev Azərbaycanın iqlim prosesinə bağlılığını bir daha təsdiqləyib, uşaqların və gənclərin müdafiəsini gücləndirmək üçün iqlim fəaliyyətlərini genişləndirməyə xüsusi diqqət yetirdiyini vurğulayıb.
UNICEF digər ölkələri də bu Bəyannaməni imzalamağa və uşaqları iqlim dəyişikliyinin mənfi təsirlərindən qorumaq üçün öhdəliklər götürməyə çağırıb.
Rassel əlavə edib ki, UNICEF hökumətlərlə və tərəfdaşlarla iqlim adaptasiyasını gücləndirmək və təhsil, sosial müdafiə və səhiyyə kimi əsas sistemləri dəstəkləmək üçün əməkdaşlıq edir.
“Təhsil, sosial xidmətlər və səhiyyə iqlimlə bağlı problemlərə tez cavab verməyi bacarmalıdır”, Rassel vurğulayıb.
COP29 çərçivəsində keçirilən ayrıca panel müzakirədə “ActionAid” təşkilatının qlobal iqlim ədaləti lideri Tereza Anderson, maliyyə dəstəyi olmadan iqlim dəyişikliyinə qarşı mübarizənin təsirsiz olduğunu bildirib.
“İqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ölkələrin real qrant maliyyəsi şəklində trilyonlarla dollara ehtiyacı var - bu, iqlim maliyyələşdirilməsinin yeni hədəfidir”, Anderson qeyd edib.
O, zəngin ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizədə dövlət maliyyəsinin artırılmasının vacibliyini vurğulayıb.
“Qlobal Şimalın zəngin ölkələri iqlim maliyyələşdirilməsi öhdəliklərindən tez-tez yayınır və lazımi illik trilyon dollar ayırmaq əvəzinə, özəl sektoru cəlb etməyə üstünlük verirlər. Özəl sektorun iştirakı vacibdir, lakin dövlət dəstəyi də eyni dərəcədə önəmlidir”, Anderson qeyd edib.
Forum