ABŞ Dövlət katibi Antoni Blinken noyabrın 19-da G20 konfransı çərçivəsində Rio-de-Janeyro şəhərində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Dövlət katibi və xarici işlər naziri Livandakı münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam yerinə yetirilməsini və sərhədin hər iki tərəfindəki vətəndaşların öz evlərinə qayıtmasına imkan verən diplomatik həllin zəruriliyini müzakirə ediblər.
“Onlar həmçinin Qəzzada davam edən humanitar səyləri və müharibənin sona çatdırılmasının və bütün girovların azad edilməsinin vacibliyini müzakirə ediblər. Daha sonra onlar Cənubi Qafqazda ləyaqətli və davamlı sülhün vacibliyini müzakirə ediblər”, Metyu Miller qeyd edib.
Antoni Blinken və Hakan Fidan eyni mövzunu bundan öncə noyabrın 12-də telefon danışığı zamanı müzakirə edib.
Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Tərəflər arasında hələ sülh sazişi imzalanmayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər sülh danışıqları həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 8-də yaydığı bəyanatda bildirir ki, Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub. Ancaq sülh prosesinin uğurla yekunlaşmasının qarşısında çağırış və təhdidlər hələ də qalır.
Bakı sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsində israr edir. Ermənistan Konstitusiya Məhkəməsinin qərarında isə deyilir ki, ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur.
Yerevan bir neçə dəfə sülh sazişini razılaşdırılmış maddələr üzrə imzalamağı təklif edib. Bakı isə bunu real saymır, "yarımçıq sülh"ü qəbul etmədiyini bildirir.
44 günlük müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb.
Bu müharibədə Ermənistanın rəsmi qurumları isə onlar tərəfdən 4 mindən çox hərbi qulluqçu itirdikləri bildirilib.
Forum