Dünya liderləri keçmiş prezident, Respublikaçılar Partiyasından namizəd Donald Trampı 2024-cü il ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik ediblər. Ekspertlər Birləşmiş Ştatların yeni administrasiyasının Yaxın Şərqdə münaqişə və Ukraynada müharibə kimi qlobal səviyyədə sınaqlarla üzləşəcəyini bildirirlər. ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp seçki kampaniyası zamanı heç bir konkret plan təklif etmədən müharibələrə son qoyacağına söz vermişdi. O, seçildiyi halda, vəzifəsinin icrasına rəsmən başlamazdan əvvəl Rusiyanın Ukraynada 33 aydır apardığı müharibəyə son qoyacağını bildirmişdi. İsrail mediası isə Trampın İsrailin baş naziri Benyamin Netanyahuya vəzifəyə başlamazdan əvvəl Qəzzada HƏMAS militantlarına qarşı 13 aydır davam edən müharibəyə son qoyması üçün təzyiq göstərdiyini yazıb. Bununla belə, münaqişələrin sona çatacağına dair hələlik heç bir işarə yoxdur. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə yeni Tramp administrasiyasının xarici siyasət kursu, Yaxın Şərq və Ukraynada münaqişələrlə bağlı siyasətindən gözləntilər, eləcə də Cənubi Qafqaz regionunda mümkün prioritetləri haqda danışıb.