Accessibility links

ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və İsveçrənin Azərbaycandakı səfirləri hökuməti insan haqlarını təmin etməyə çağırıb


ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, və İsveçrənin Azərbaycandakı səfirləri
ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, və İsveçrənin Azərbaycandakı səfirləri

ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və İsveçrənin Azərbaycandakı səfirləri hökuməti ölkədə insan haqlarını təmin etməyə çağırıb.

Səfirlər bu çağırışı dekabrən 4-də Beynəlxalq insan hüquqları günü münasibət ilə Azərbaycanın hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyətlərinin, mətbuat nümayəndələrinin, hüquqşünasların və ictimai fəalların iştirak etdiyi qəbulda edib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko ölkədə insan huquqlarının vəziyyətinə toxunaraq, bu il BMT-nin “Hüquqlarımız, gələcəyimiz, elə indi” mövzusunda keçirdiyi insan hüquqları kampaniyasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Səfir Azərbaycanın bu il COP 29-a ev sahibliyi etməsinə diqqət çəkib.

“Əminəm ki, bu məkanda olan bir çoxunun COP29-un iqlimlə bağlı uğurlu danışıqlarla yanaşı, insan hüquqları sahəsində də müəyyən müsbət nəticələr verəcəyinə dair gözləntiləri var idi. Lakin iqlim konfransı başa çatdıqdan və projektorlar söndükdən sonra həbsdə olan azərbaycanlı jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş fəallarının azadlığa buraxılması üçün aparılmış bütün beynəlxalq kampaniyalara baxmayaraq, onların hələ də həbsdə olduğunu görürük”, Mixalko qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko

Səfir ötən ildə olduğu kimi bu gün də bəzi tərəfdaş və dost hesab etdiyi adamların onlara qoşula bilmədiynə təssüflənib.

“Ölkədə şahidi olduğumuz vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş kəskin tədbirlərin görülməsi nəticəsində burada ötən ildən etibarən iştirak etməyən şəxslərin sayı artıb. 2024-cü ildə siyasi motivlərlə həbs edilən şəxslərin uzun siyahısına qoşulan Anar Məmmədli, İmran Əliyev və Bəhruz Səmədovun adlarını çəkməklə simvolik olaraq onların bu məkanda olduqlarını hiss etdirmək istərdim”, Peter Mixalko bir ildən artıq istintaq təcridxanasında olan “Abzas Media”nın jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımovanın, İlhamiz Quliyevin, “Kanal 13”ün əməkdaşları Əziz Orucov və Şamo Eminovin, həmçinin “Toplum TV”-nin videoredaktoru Müşfiq Cabbarovun adlarını çəkib.

Peter Mixalko İnsan Hüquqları Gününə həsr olunmuş ziyafət ərəfəsində Rüfət Səfərovun saxlanılmasının iki il əvvəl Bəxtiyar Hacıyevin həbsi ilə "eyni şəraitdə baş verdiyini" xatırladıb.

“Rüfət Səfərov da dünən həbs edilərək bu siyahıya qoşulub. İnsan Hüquqları Gününə həsr olunmuş ziyafət ərəfəsində Rüfətin həbs olunması iki il əvvəl Bəxtiyar Hacıyevin eyni şəraitdə baş tutmuş həbsini xatırladır. Bu insanların hər birinə təşəkkür edirik və onlara heyran olduğumuzu bildiririk”, o qeyd edib.

Səfir deyib ki, Aİ onların işlərini yaxından izləməyə və Azərbaycan hakimiyyəti ilə dialoqda bu məsələləri qaldırmaqda davam edəcək.

Daha sonra çıxış edən Böyük Britanıyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanda insan haqları sahəsində vəziyyət yaxşılaşmadığını deyib.

Böyük Britanıyanın Azərbaycandakı səfiri Fergus Auld
Böyük Britanıyanın Azərbaycandakı səfiri Fergus Auld

“Mən heyfsilənirəm ki, Azərbaycandakı hüquq müdafiəçiləri üçün bu qruplaşmada sonuncu görüşümüzdən keçən bir il ərzində vəziyyət yaxşılaşmayıb və müəyyən mənada daha da pisləşib. Mən çox təəssüf edirəm ki, keçən il bu tədbirdə bizə qoşulan bəzi tərəfdaşlar məsələn, Ələsgər Məmmədli hazırda həbsdədir və bəzi hüquq müdafiəçilərinin istintaqı və ya məhkəmə prosesləri qeyri-müəyyən müddətə uzanır. Hörmətli həmkarlarımın qeyd etdiklərinə əlavə olaraq hazırda həbsdə olan digər şəxslərin də adlarını çəkmək istərdim: Ülvi Həsənli, Məhəmməd Kekalov, Hafiz Babalı, Nazim Bəydəmirli və İqbal Əbilov”, səfir çıxışında deyib.

O bildirib ki, aprel ayında iqtisadçı Qubad İbadoğlunun ev dustaqlığına, sonra isə polis nəzarətinə verilməsi xəbərini müsbət hal kimi alqışlasalar da, onun müvafiq tibbi xidmət və lazımi məhkəmə prosesindən istifadə imkanını hakimiyyət orqanları ilə müzakirə etməyə davam edirlər.

“Eyni zamanda, biz Azərbaycanda LGBT+ icmasını hədəf alan narahatedici ritorika və hərəkətləri müşahidə etdik. Böyük Britaniya zorakılıq və ayrı-seçkiliklə mübarizə aparmaq və insan hüquqlarının universallığını təşviq etmək üçün sosial hüquqlar üzrə əsas qrupları dəstəkləməyə sadiqdir. 2024-cü il üçün gender əsaslı zorakılığa qarşı 16 günlük fəaliyyətimiz də, hazırda davam edir”.

Səfir inklüzivlik və hörmətlə bağlı yerli səyləri alqışlayaraq, dekabrın 3-də Beynəlxalq Əlillər Gününü qeyd etdiklərini xatırladıb.

“Biz qürurla minalara qarşı humanitar fəaliyyətə maliyyə və texniki dəstək veririk, həmçinin münaqişədən zərər çəkmiş icmalara dəstək verməyə davam edirik. Biz çox uzun müddət köçkün olmuş insanların təhlükəsiz şəkildə evlərinə qayıtmasına kömək etmək üçün bu mühüm məsələlərdə yerli tərəfdaşlarla işləməyə davam edəcəyik”, səfir deyib.

O, həmçinin ölkə üçün 2024-cü il COP29 tədbiri ilə yadda qalan il olduğunu xatırladıb.

Tədbirdə çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştalen azadlıq sahəsində vəziyyətdən danışıb.

Onun sözlərinə görə, bu ilin oktyabrında ölkəsi dördüncü dəfə İnsan Haqları Şurasına seçilib və 2025-ci ilin yanvarından 2027-ci ilin sonuna qədər fəaliyyət göstərəcək.

Səfir vurğulayıb ki, bu müddətdə İsveçrə institutların gücləndirilməsi, BMT sistemində insan haqlarının təbliğatı üçün səy göstərəcək və onların milli səviyyədə icrasına çalışacaq.

İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştalen
İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştalen

“Bizim əsas prioritetlərimiz ölüm hökmünün ümumbəşəri ləğvi, işgəncənin qadağan olunmasının təmin edilməsi, azlıqların və qadınların hüquqlarının qorunması və ifadə azadlığının təşviq edilməsidir. Təəssüflər olsun ki, bizim son toplanışımızdan sonra söz və media azadlığı sahəsində vəziyyətin daha da pisləşməsinin şahidi olmuşuq. Bu gün aylardır həbsdə olan “Abzas Media”dan Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, “Kanal13”-dən Əziz Orucov, “Toplum TV”dən Ələsgər Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzindən Anar Məmmədli və vətəndaş cəmiyyətinin başqa nümayəndələri üçün səsimizi ucaldırıq. Medianın susdurulması sülh və əmin-amanlıq üçün can atan istənilən cəmiyyətin inkişafına kölgə salır”, səfir qeyd edib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi 1948-ci ildə BMT-də qəbul olunmuş İnsan Hüquqları Gününün əhəmiyyətindən danışıb.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libby
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libby

O, Bəyannaməni xatırladıb: "Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulur. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar. Sadədir, amma dərindir. O bəyan edir ki, bütün insanlar cins, irq və ya milliyyətindən asılı olmayaraq, bərabər və azad doğulurlar. Bundan əlavə, o təsbit edir ki, insanların təbii hüquqları var. Rəhbər və ya hökumətin verdiyi hüquqlar yox, doğuşdan hər kəsin malik olduğu ayrılmaz hüquqlar. Lakin Ümumi Bəyannamə passiv deyil. O ifadə edir ki, bu hüquqları təmin etmək üçün bizim hökumətlərimiz də daxil olmaqla, bizim hamımız məsuliyyət daşıyırıq”, səfir deyib.

Səfir Libbi deyib ki, dünya 1948 ci ildən bəri çox böyük irəliləyiş edib.

“Biz ötən 76 il ərzində insan hüquqlarının müdafiəsi və genişləndirilməsi, fərqlərə dözümlülük, demokratik idarəetmə formalarının yayılması, təhsilin daha əlçatan olması və qanunun aliliyinin qəbul olunmasına doğru vacib və böyük addımlar atmışıq.

Əlbəttə, irəliləyiş bəzən məyusedici şəkildə yavaş olmuş və bəzi geriləmələr olmuşdur. Bu o demək deyil ki, biz vaz keçməliyik. Bu o demək deyil ki, biz sadəcə gözləyə və ümid edə bilərik ki, işlər daha yaxşı olacaq. İnsan hüquqlarının müdafiəsi cəsarət tələb edir. Və o, hərəkət tələb edir. Bu axşam bura toplaşmış cəsur və sadiq adamlar bunu çox yaxşı anlayır”, o vurğulayıb.

ABŞ səfiri çıxışında Azərbaycan həbsxanalarında olan media təmsilçilərinin və ictimai fəalları xatırladıb.

“Burada ola bilməyən, lakin sizin insan hüquqlarına sadiqliyinizi bölüşən digər insanlar var. Fərid Mehrəlizadə, Sevinc Vaqifqızı, Bəxtiyar Hacıyev, Tofiq Yaqublu, Afiəddin Məmmədov, Akif Qurbanov, Ruslan İzzətli öz gözəl vətənində insan hüquqlarının müdafiəsinə bu qədər fədakarlıq edən cəsur azərbaycanlı vətənsevərlərdən sadəcə bəziləridir. Mən Azərbaycan hökumətini bu şəxsləri və ədalətsiz tutulmuş bütün digər şəxsləri azad etməklə öz beynəlxalq insan hüquqları öhdəliklərinə riayət etməyə çağırıram”, o bildirib.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi səfrilərin fikirlərinə münasibət bildirib.

"ABŞ, Böyük Britaniya, İsveçrə və Avropa İttifaqı səfirlərinin Azərbaycanda "jurnalistlər" və "siyasi fəallar"ın saxlanılması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik. Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir", Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında yer alır.

Vurğulanır ki, "İstintaqın gedişinə və məhkəmə prosesinə müdaxilə hüquqi dövlətin təməl prinsipi olan qanunun aliliyi ilə ziddiyyət təşkil edir".

Xatırladaq ki, Azərbaycanın hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda 319 siyasi məhbus var. Siyasi məhbus kimi tanınan şəxslərin heç biri özünü təqsirli bilmir, həbslərinin tənqidi baxışları, peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Çoxsdaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini ədalətsiz həbsdə olan şəxsləri azad etməyə çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.

Forum

XS
SM
MD
LG