Avropa Parlamentində dekabrın 5-də keçirilən dinləmələrdə “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqlər” müzakirə edilib.
Parlamentin İnsan hüquqları üzrə Alt Komitəsinin təşkil etdiyi dinləmələrdə Azərbaycanda ötən bir il ərzində insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşdiyi, hökumətin vətəndaş cəmiyyəti və müstəqil medianın son qalıqlarına qarşı “hərtərəfli hücuma” keçdiyi vurğulanıb.
Dinləmələrə video-konfrans vasitəsilə qoşulan jurnalist, insan hüquqları üzrə tədqiqatçı Arzu Qeybullayeva Azərbaycan hökumətinin ötən ilin noyabrından etibarən “misli görünməmiş repressiyalara” start verdiyini, fəallar, jurnalistlər, həmkarlar ittifaqı fəalları, insan hüquqları müdafiəçiləri də daxil olmaqla bütün vətəndaş qruplarını hədəf aldığını deyib.
“Bu repressiya son 30 ildə Azərbaycanda vətəndaş cəmiyyətinin davamlı, ardıcıl və məqsədyönlü şəkildə susdurulmasının, eyni zamanda hər hansı daxili nəzarət və tarazlığın, dövlət institutlarının ləğv edilməsinin kulminasiya nöqtəsidir”, Qeybullayeva vurğulayıb.
Səbəblər isə çox aydındır, Qeybullayeva davam edib, gücü əldə saxlamaq, hər hansı rəqabətin olmamasını təmin etmək və hökuməti hesaba çəkə biləcək institutları və vətəndaş cəmiyyətini aradan qaldırmaq.
Hüquq müdafiəçisi Jalə Bayramova ağır ürək xəstəliyindən əziyyət çəkən atası Qubad İbadoğlunun bir ildən artıqdır siyasi motivli məhkəmə təqibinə məruz qaldığını və yalnız ölkə xaricində mümkün ola biləcək zəruri tibbi yardımı ala bilmədiyini vurğulayıb.
Avropa Parlamentinin builki Saxarov Düşüncə Azadlığı mükafatının üç finalçısından biri olan akademik Qubad İbadoğlu 2023-cü ilin iyulunda “saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda” ittiham edilərək həbs edilib. Təcridxanada səhhətinin pisləşməsindən sonra bu ilin aprel ayında ev dustaqlığına buraxılıb.
Bu yaxınlarda Avropa Parlamentinin prezidenti Roberta Metsola İbadoğluya məktub ünvanlayaraq onu Saxarov mükafatının təqdimetmə mərasiminə dəvət edib.
İnsan hüquqları Alt Komitəsinin sədri Munir Saturi də İbadoğluya qarşı səyahət qadağasının aradan qaldırılması və dekabrın 17-də Strasburqda keçiriləcək mərasimə qatıla bilməsi üçün azərbaycanlı rəsmilərə məktub ünvanladığını bildirib.
“Azərbaycan hakimiyyəti mənim çağırışıma cavab versə, dialoqu möhkəm və şəffaf şəkildə davam etdirmək istəyimizi eşidəcək Saxarov mükafatının finalçısının Strasburqa gələ bilməsini Avropa Parlamenti də alqışlayacaq”, Saturi deyib.
Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi Aleksandra Sabu isə qeyd edib ki, Aİ institutları və üzv ölkələr Azərbaycanla ictimai və diplomatik münasibətlərdə vətəndaş cəmiyyətinə və müstəqil mediaya birmənalı dəstəyini vurğulamalı və insan hüquqlarının vəziyyətinə diqqət çəkməlidirlər.
Azərbaycanla təmaslarda insan hüquqlarının vəziyyətinə davamlı olaraq toxunulduğunu bildirən Aİ-nin Xarici Fəaliyyət Xidmətinin nümayəndəsi Jülyen Burtemburq, İttifaqın Azərbaycanın beynəlxalq insan hüquqlarına əməl etməsinə dair çağırışlarını yeniləyib.
“Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmaqda və bu mesajın bütün aktorlar tərəfindən ardıcıl şəkildə çatdırılmasını təmin etməyə davam edəcəyik. Biz müstəqil vətəndaş cəmiyyəti subyektlərini və müstəqil medianı dəstəkləməyə və onlarla əlaqə saxlamağa davam edəcəyik”, Burtemburq deyib.
Rəsmi Brüsselin Azərbaycanla insan hüquqları üzrə dialoqun davam etdirmək əzmində olduğunu bildirən Burtemburq əlavə edib ki, Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Azərbaycandakı vəziyyəti yaxından izləməyə davam edir və Bakıya səfər etməyə hazırdır.
Rəsmi Bakı Avropa Parlamentindəki dinləmələrdə səsləndirilən fikirlərlə bağlı hələlik hər hansı reaksiya verməsə də, azərbaycanlı rəsmilər insan hüquqları pozuntularına dair ittihamları bir qayda olaraq rədd edir və ölkədə bütün hüquq və azadlıqların qorunduğunu iddia edirlər.
Azərbaycan Xarici İşlər Nazirliyi bir neçə instansiyada jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair tənqidləri rədd edib və onların konkret cinayət əməllərinə görə saxlanıldığını bildirib.
Ancaq yerli insan hüquqları təşkilatlarının məlumatına əsasən, hazırda Azərbaycanda 300-dən çox siyasi məhbus var.
Avropa Parlamenti oktyabrın 24-də qəbul etdiyi qətnaməsində son bir il ərzində Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları pisləyib.
Forum