Müstəqil jurnalist Ramin Deko (Cəbrayılzadə) və “Meydan Tv"nin əməkdaşı Xəyalə Ağayevaya "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılıb.
Vəkillərin məlumatına görə, jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
“Meydan Tv”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), əməkdaşları Aytac Tapdıq (Əhmədova) və Natiq Cavadlı da eyni maddədə ittiham olunurlar.
Ramin Dekonun vəkili Vüsal Səfərov bildirib ki, jurnalist müvəqqəti saxlanma yerinə aparılıb.
“Meydan Tv”nin redaktoru Orxan Məmmədin məlumatına görə, jurnalist Ramin Dekoya qarşı fiziki təzyiq olub:
“Onun gözünün altında qançırlar olub. Ramin Deko uzun müddət vəkilsiz qalıb. Aynur Elgünəşin evinə axtarışa girilən zaman onu divara sıxıblar, böyrəyinin üzərinə vurulub, kompüteri ələ keçirilib”.
Redaktor qeyd edib ki, saxlanılan digər şəxslərlə də rəftar pis olub.
“Hazırda ittiham elan olunan “Meydan TV” əməkdaşlarından başqa digər şəxslərin də fiziki təzyiqə məruz qalması ilə bağlı narahatıq. Vəkil çatışmazlığı var. İnsanlar vəkilsiz qalıb”, deyə, Orxan Məmməd əlavə edib.
Xəyalə Ağayevanın vəkili Nazim Musayevin məlumatına görə, jurnalist ittihamları rədd edib və peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib.
Orxan Məmməd məlumat yayaraq qeyd ki, saxlanılanlar ən azı 13 nəfərdir.
Onun daha öncə verdiyi məlumata görə,“Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), əməkdaşları Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və müstəqil jurnalist Ramin Deko Bakı Şəhər Baş Polis İdarəsində saxlanılır.
“Jurnalistlərin müstəntiqləri ilə əlaqə saxladıq, artıq dindirmə aparılır. Jurnalistlərin evlərində axtarış aparılıb. Jurnalist Aysel Umudova ilə də əlaqə kəsilib”, deyə o, qeyd edib.
“Meydan TV”dən verilən məlumata görə, Aynur Elgünəş və Natiq Cavadlının vəkilləri Elçin Sadıqov, həmçinin Zibeydə Sadıqovanı onların müdafiəsinə buraxmırlar.
Aynur Elgünəşin qohumlarının məlumatına görə, onun yaşadığı mənzildə axtarış aparılıb.
“Mənzilin açarları Aynurda idi. Biz mənzilə daxil olanda orada hər şeyi dağıdılmış vəziyyətdə gördük. Yəqin ki, axtarışda Aynurun özü iştirak edib. Çünki evin qapısı sındırılmayıb. Amma mənzilin daxilində hər şey dağınıq vəziyyətdədir. Nə götürdükləri barədə bir söz deyə bilmərik”, jurnalistin qohumlarından biri Amerikanın Səsinə deyib.
Bundan əlavə dekabrın 6-da axşam saatlarında “MeydanTV”nin saxlanılan əməkdaşı Natiq Cavadlının yaşadığı mənzildə də axtarış aparılıb.
Bu barədə jurnalistin ailəsindən Amerikanın Səsinə bildiriblər.
“Natiq özü axtarışda iştirak edirdi. Polislər öncə Natiqin şkafını axtardılar. Şkafdakı bütün kitabları tökdülər. Kitabların arasını axtardılar. Sonra yataq otağında axtarış apardılar. Natiqin kompüterini və bir-iki köhnədən qalan fləşkartları götürdülər. Evimizdə cəmi 90 manat pulumuz var idi. Pulu götürmədilər. Axtarış iki saat davam etdi. Hətta uşaqlarımızın kompöterlərinin yaddaşını da yoxladılar”, jurnalistin ailəsindən Amerikanın Səsinə bildiriblər.
Bundan öncə müstəqil jurnalist Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılması barədə Amerikanın Səsinin sorğusuna Daxili İşlər Nazirliyinindən jurnalist barəsində əlavə araşdırmalar aparıldığını, bir neçə şəxsin araşdırma çərçivəsində saxlanıldığı bildirilmişdi.
“Meydan TV” sosial media hesablarında baş verənlərlə bağlı bəyanat yayaraq, jurnalistlərin saxlanılması və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib:
“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub.”
“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edir.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Abbasov 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə hak olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum oldu ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev tez-tez öz çıxışlarında ölkədə azad mətbuatun, həmçinin insanların internetə azad çıxışının olduğunu qeyd edir.
Forum