Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (EaP CSF) Rəhbər Komitəsi dekabrın 10-da Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə qarşı təqiblər, o cümlədən Meydan TV jurnalistlərinin həbsi barədə narahatlığını ifadə edib.
Komitə Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar yaydığı bəyanatda Rusiyanın Ukraynada işğalçı müharibəsi nəticəsində kəskinləşən mürəkkəb geosiyasi vəziyyət və siyasi qarışıqlıq fonunda münaqişələr və təzyiqlərin Şərq Tərəfdaşlığı ölkələrində saysız-hesabsız insanın həyatına təsir etdiyini vurğulayıb.
“Biz Belarusda və Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalardan, siyasi məhbusların sayının artmasından narahatıq. Belarusda 1300-dən çox insan siyasi motivli səbəblərə görə dəmir barmaqlıqlar arxasında qalmaqdadır. Azərbaycanda 300-dən çox insan eyni aqibətlə üzləşməkdədir”, bəyanatda qeyd edilir.
Müəlliflər dekabrın 8-də jurnalistlər Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Aytac Tapdıq, Ramin Deko və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun həbsinə diqqət çəkiblər.
Bəyanatda Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin hökumətləri, xüsusən də Azərbaycan hakimiyyəti ilə əlaqə qurarkən insan hüquqları və qanunun aliliyini enerji sazişləri və təchizatı kimi “qısamüddətli maraqlardan” üstün tutmağa çağırılır. Bundan əlavə, Aİ-nin üzv dövlətlərinin Azərbaycanda və Belarusda demokratiyanın möhkəmləndirilməsinə və siyasi məhbusların azad edilməsi istiqamətində səylərini artırmalı olduğu vurğulanır.
Rəhbər Komitə həmçinin Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinin işinə mane olan repressiv qanunları ləğv etməyə, Avropa İnsan Hüquqları Konvensiyasının 10 və 11-ci maddələrinə uyğun olaraq ifadə azadlığını və birləşmək azadlığını təmin etməyə çağırıb.
Dekabrın 6-da saxlanılan Meydan TV jurnalistləri, habelə Ülvi Tahirov barəsində Xətai Rayon Məhkəməsi dekabrın 8-də “qaçaqmalçılıq” ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər ittihamları rədd edib, jurnalist kimi fəaliyyətlərinə görə həbs oldunduqlarını bildiriblər. Onların bəziləri saxlanılarkən polis zorakılığına məruz qaldıqlarını açıqlayıblar.
Nəşrin baş redaktoru Aynur Elgünəş məhkəmədə cinayət işinin Meydan TV-nin araşdırma və tənqidi yazılarına görə qisas məqsədilə başladıldığını deyib.
Əsas ofisi Berlində yerləşən Meydan TV-nin rəhbərliyi ittihamların əsassız, jurnalistlərin saxlanmasının qanunsuz və müstəqil mediaya qarşı repressiya olduğunu bəyan edib.
Dekabrın 9-da Norveç hökuməti jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edib və onların azad edilməsinə çağırıb.
“Abzas Media, Kanal 13 və Toplum TV-nin jurnalistlərinin həbsinə əlavə olaraq Azərbaycanda Meydan TV əməkdaşlarının həbsi məni dərindən narahat edir. Norveç onları azad etməyə çağırır”, Norveçin xarici işlər naziri Espen Bart Eyde qeyd edib.
Dekabrın 10-da Almaniyanın Azərbaycandakı səfiri də jurnalistlərə qarşı zorakılıq və repressiyalar barədə narahatlıq ifadə edib.
Son həbsləri Azərbaycan hakimiyyətinin öz tənqidçilərini susdurmaq üçün apardığı “sistematik strategiyanın” bir hissəsi adlandıran Sərhədsiz Reportyorlar (RSF), beynəlxalq ictimaiyyətin Azərbaycanda “əsas hüquqların sistematik pozuntularına” göz yummamalı olduğunu vurğulayıb.
“Meydan TV-nin altı jurnalistinin saxlanılması bir daha sübut edir ki, Azərbaycan vətəndaşlarına məlumat verməyə cəsarət edənlərə qarşı amansız repressiyalara hazırdır”, Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyib.
Azərbaycanda 2023-cü ilin sonlarından başlayaraq 20-dən artıq jurnalist və media işçisi “qaçaqmalçılıq” və digər cinayət ittihamları ilə həbs edilib.
Korrupsiya araşdırmaları ilə tanınan Abzas Medianın, habelə digər müstəqil media orqanı Toplum TV-nin redaksiyaları bağlanıb.
Ötən bir il ərzində Azərbaycanda jurnalistlərə və fəallara qarşı təqiblərin dayandırılmasına dair çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, rəsmi Bakı çağırışları “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir.
Fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edən azərbaycanlı rəsmilər, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Ancaq beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında Azərbaycanda insan hüquqları göstəricilərinin uzun illərdir pis olduğu, hökumətin müntəzəm olaraq hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf aldığı, ötən bir il ərzində repressiyaların daha da kəskinləşdiyi vurğulanır
Yerli insan hüquqları təşkilatlarının hazırladığı siyahıya əsasən, hazırda Azərbaycanda 300-dən çox siyasi məhbus var.
Azərbaycan 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.
Forum