Accessibility links

“Meydan TV işi” ilə bağlı həbs olunanlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib


Meydan TV
Meydan TV

Dekabrın 8-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” ilə bağlı həbs olunanların məhkəmə prosesi keçirilib. Məhkəmə “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və müstəqil jurnalist Ramin Deko barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlərin hamısı “qaçaqmalçılıq” ittihamını rədd edib və cinayət işini jurnalist fəaliyyətləri ilə əlaqələndiriblər.

Həmin cinayət işi üzrə həbs olunan media əməkdaşı Ülvi Tahirov barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun vəkili Bəhruz Bayramovun sözlərinə görə, Tahirovun “Meydan TV” ilə heç bir əlaqəsi yoxdur.

“Onlar Aynur Elgünəşlə sadəcə ailəvi dost idilər. Tahirovun evində axtarış zamanı külli miqdarda pul götürülüb. Lakin Tahirov pulun vergi ödəyicisi kimi həyat yoldaşına məxsus olduğunu bildirib. Onun xidmətlərin göstərilməsi barədə müqavilələri var və görülmüş işlər müqabilində əmək haqqı alınıb. Tahirovun özü 2022-ci ildən xaricə getməyib”, vəkil bildirib.

Aysel Umudovanın vəkili Aqil Layıc məlumat verib ki, məhkəmənin qərarı əsassız və qanunsuzdur. O qeyd edib ki, Umudovanın özünə və müdafiə tərəfinə “ittihamın mahiyyəti aydın deyil”.

“Ayselin vəziyyəti yaxşı deyildi, həm Bakı Şəhər Baş Polis İdarəsində saxlanılan zaman, həm Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma yerində onun üçün təcili tibbi yardım çağırıblar. Aysel Umudovanın hansı qaçaqmalçılığından söhbət gedə bilər bizə bəlli deyil. O qeyd etdi ki, onun ölkədən çıxışına bir müddət qadağa qoyulub, həmin dövrdə qaçaqmalçılıqdan söhbət gedə bilməz. Digər tərəfdən də o, təhsillə bağlı xaricə gedib-gələn zaman bilirdi ki, onun fəaliyyəti təhlükəlidir. Çünki Azərbaycanda jurnalistika fəaliyyəti təhlükəlidir. Ona görə də Aysel gələcəkdə belə ittihamlara məruz qalmamaq üçün gömrükdən keçən zaman bəyannəmələr edib. Hər zaman gömrükdən keçən zaman ciddi yoxlanışa məruz qalıb”, vəkil qeyd edib.

Aysel Umudovanın yaxınlarının məlumatına görə, onun sağlamlığı kəskin pisləşib.

“Təşvişi ağırlaşdığı üçün bədəni davamlı əsir, məhkəmə boyunca dəfələrlə qusub, onu tez-tez ayaqyoluna aparmalı olublar. Tez-tez qusduğu üçün cibində torba gəzdirirmiş. BŞBPİ-də də təzyiqi düşüb, təcili yardım çağırılmalı olublar. Yemək qəbul etməkdə çətinlik çəkdiyi və qusduğu üçün sağlamlıq vəziyyəti yaxşı deyil”, deyə, yaxınları bildirir.

Aytac Tapdığın vəkili Cavad Cavadov bildirib ki, o, məhkəmədə jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib.

“Dedi ki, “Meydan TV”də fəaliyyət göstərdiyinə görə qürur duyur və buna görə peşman deyil. Bildirdi ki, dostlarım da həbsdədir, yanlarına gedirəm. Qərarı gülə-gülə qarşıladı”, vəkil bildirib.

“Meydan Tv”nin baş redaktoru Aynur Elgünəşin vəkili Elçin Sadıqovun sözlərinə görə, o, protokolda dekabrın 6-da polislərin evinə hücum etdiyini, ona qarşı zorakılıq tətbiq etdiyini qeyd edib.

“Kompüterini və digər əşyalarını da götürüblər. Dedi ki, “Meydan TV”nin araşdırma və tənqidi yazılarına görə qisas məqsədilə cinayət işi başladılıb və jurnalistləri həbs ediblər. Saxlanma yerinin həddindən artıq soyuq olduğunu dedi. Əlilliyi olduğu üçün həbs şəraiti onun səhhətinə cavab vermir. Bununla bağlı müvafiq dövlət orqanlarına və Ombudsmana müraciət edəcəyik ki, onun əlilliyi nəzərə alınsın” - deyə, vəkil əlavə edib.

Ramin Dekonun vəkili Nemət Kərimli jurnalistin Bakıda hava limanından evinə qayıdarkən taksidə saxlanıldığını və üzərində axtarış aparıldığını deyib.

“Özünü təqsirli bilmir, birmənalı şəkildə həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu dedi, həbsini bundan öncəki həbslərin silsilə davamı kimi qiymətləndirir. Raminin özünə məxsus bir miqdar pul olub, amma həmin məbləğ nə cinayət, nə də inzibati məsuliyyət yaradır. Cinayət məsuliyyəti yaratmaq üçün onun üzərinə külli miqdarda, 30 min avro pul qoyulub”, vəkil bildirib.

Natiq Cavadlının hüquqlarını müdafiə edən vəkil Zibeydə Sadıqova isə bildirib ki, jurnalist barəsində həbs qətimkan seçilməsinə heç bir əsas olmayıb.

“Əsaslı şübhə olmadan onun barəsində həbs seçildi və 3 saylı Bakı İstintaq Təcridxanasına göndərildi. Evində aparılan axtarışla bağlı qərar və protokollar bizə təqdim edilməyib, ona görə də onlarla tanış ola bilməmişik. Natiq dedi ki, kompüter və telefonları müsadirə olunub, ancaq evdə pul aşkarlanmayıb. O bildirdi ki, artıq 30 ildir jurnalist fəaliyyəti ilə məşğul olur və həbsi də fəaliyyəti ilə bağlıdır. Məhkəmə qərarı olmadan onun şifrələrini ələ keçiriblər. Psixoloji təzyiqə məruz qalıb”, vəkil öz müsahibəsində açıqlayıb.

Xətai Rayon Məhkəməsinə gətirilən jurnalist Xəyalə Ağayeva “Meydanda qalın” deyə şüar səsləndirib. Onun vəkili Nazim Musayev qeyd edib ki, jurnalist ittihamları rədd edir.

“Dedi ki, heç vaxt belə işlərlə məşğul olmayıb. Evində axtarış aparılan zaman ona zorakılıq tətbiq olunub, axtarış isə özünün iştirakı olmadan baş tutub. Evindən kompüterini, qeyd dəftərini və telefonunu götürüblər. Ona verilən sualların hamısı “Meydan TV”nin fəaliyyəti ilə bağlı olub, qaçaqmalçılıq maddəsi ilə yox”, vəkil bildirib.

“Meydan TV işi” ilə bağlı nə baş verib?

Dekabrın 6-da müstəqil jurnalist Ramin Deko (Cəbrayılzadə) və “Meydan TV"nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), digər əməkdaşları Xəyalə Ağayeva, Aytac Tapdıq (Əhmədova) və Natiq Cavadlıya "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılıb. Jurnalist Aysel Umudovanın isə şübhəli şəxs qismində saxlanıldığı bildirilib.

Jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

Həmin gün müstəqil jurnalist Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılması barədə Amerikanın Səsinin sorğusuna Daxili İşlər Nazirliyinindən jurnalist barəsində əlavə araşdırmalar aparıldığını, bir neçə şəxsin araşdırma çərçivəsində saxlanıldığı bildirilib.

“Meydan TV” əməkdaşlarından əlavə onlarla birgə saxlanılan digər şəxslərin siyahısı yayılıb. Bu barədə dekabrın 7-də saytın redaktoru Orxan Məmməd məlumat verib. Onun sözlərinə görə, saxlanılanların bəzilərinə zorakılıq olunub və onlardan zorla ifadə almağa çalışırlar.

“Bir-ikisi xaric, digərləri vəkildən məhrumdurlar. Saxlanılanlar arasında foto jurnalist Əhməd Muxtar, media əməkdaşı Ülvi Tahirov, idman jurnalisti Rəşad Ergün, heyvan haqları fəalı Kamran Məmmədli, saxlanılanların yaxınları Elnur Cabbarzadə və Yunis Rzayev var”, o deyib.

Yunis Rzayev, heyvan haqları fəalı Kamran Məmmədli və idman jurnalisti Rəşad Ergün 25 saat sonra, ardınca isə Elnur Cabbarzadə Bakı Şəhər Baş Polis İdarəsindən sərbəst buraxılıblar. Media əməkdaşı Ülvi Tahirovun isə qaçaqmalçılıqda ittiham olunduğu bildirilir. Bu barədə “Meydan TV”nin redaktoru Orxan Məmməd Amerikanın Səsinə məlumat verib.

“Meydan TV”nin redaktorunun məlumatına görə jurnalist Ramin Dekoya qarşı fiziki təzyiq olub.

“Onun gözünün altında qançırlar olub. Ramin Deko uzun müddət vəkilsiz qalıb. Aynur Elgünəşin evinə axtarışa girilən zaman onu divara sıxıblar, böyrəyinin üzərinə vurulub, kompüteri ələ keçirilib”, o bildirib.

“Meydan TV” sosial media hesablarında baş verənlərlə bağlı bəyanat yayaraq, jurnalistlərin saxlanılması və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edir.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev tez-tez öz çıxışlarında ölkədə azad mətbuatun, həmçinin insanların internetə azad çıxışının olduğunu qeyd edir.

Forum

XS
SM
MD
LG