Accessibility links

Norveç Meydan TV jurnalistlərinin həbsi ilə bağlı narahatlıq ifadə edib


Kollaj: Meydan TV-nin həbs edilən əməkdaşları
Kollaj: Meydan TV-nin həbs edilən əməkdaşları

COP29 beynəlxalq iqlim dəyişmələri konfransının başa çatmasından cəmi iki həftə sonra Azərbaycanda növbəti müstəqil media orqanının – Meydan TV-nin əməkdaşlarına qarşı cinayət işinin açılması beynəlxalq tənqidlərə səbəb olub.

Norveç Meydan TV-nin Bakıdakı heyətinin ötən həftəsonu ərzində həbsi ilə bağlı narahatlıq ifadə edib və jurnalistlərin azad edilməsinə çağırıb.

“Abzas Media, Kanal 13 və Toplum TV-nin jurnalistlərinin həbsinə əlavə olaraq Azərbaycanda Meydan TV əməkdaşlarının həbsi məni dərindən narahat edir. Norveç onları azad etməyə çağırır”, Norveçin xarici işlər naziri Espen Bart Eyde dekabrın 9-da deyib.

Norveçli nazir azad və müstəqil mətbuatın demokratiya üçün mühüm olduğunu əlavə edib.

Azərbaycan hökuməti Norveç xarici işlər nazirinin bəyanatında hələlik reaksiya verməsə də, rəsmi Bakı daha əvvəl həbs edilmiş jurnalistlərlə bağlı oxşar tənqidləri rədd edib və onların konkret cinayət əməllərinə görə həbs olunduğunu, bu cür çağırışların məhkəmə sisteminə müdaxilə olduğunu deyib.

Sərhədsiz Reportyorlar jurnalistlərin azad edilməsinə çağırır.

Həbsləri Azərbaycan hakimiyyətinin öz tənqidçilərini susdurmaq üçün apardığı “sistematik strategiyanın” bir hissəsi adlandıran Sərhədsiz Reportyorlar (RSF) jurnalistlərin dərhal azad edilməsinə çağırıb və beynəlxalq ictimaiyyətin Azərbaycanda “əsas hüquqların sistematik pozuntularına” göz yummamalı olduğunu vurğulayıb.

“COP29-un parıltısından beynəlxalq imicini cilalamaq üçün istifadə edən İlham Əliyev rejimi heç bir ay keçməmiş jurnalistlərə qarşı daha amansız repressiyaların eskalasiyasını bərpa edib”, Sərhədsiz Reportyorlar dekabrın 10-da yaydığı bəyanatda qeyd edir.

Azərbaycan polisi dekabrın 6-da keçirdiyi əməliyyatla Meydan TV-nin baş redaktoru Aynur Elgünəş və əməkdaşları Aytac Tapdıq, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudovanı, habelə müstəqil jurnalist Ramin Dekonu saxlayıb.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə Ramin Cəbrayılzadənin (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında saxlanıldığını, digər jurnalistlərin də bu iş üzrə araşdırmaya cəlb olunduğu açıqlayıb.

Onların bəzilərinin evində axtarış aparılaraq əşyaları götürülüb. Jurnalistlər saxlanılarkən zorakılığa məruz qaldıqlarını bildiriblər.

Polis tərəfindən səslənən ittihamların əsassız olduğunu bildirən Meydan TV rəhbərliyi jurnalistlərin saxlanmasının qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiya olduğunu bəyan edib.

Dekabrın 8-də Abzas Media, Toplum TV, Kanal 13 jurnalistlərinin işində olduğu kimi Meydan TV əməkdaşları bərasində də “qaçaqmalçılıq” ittihamı əsasında Xətai Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edib və peşə fəaliyyətlərinə görə həbs oldunduqlarını bildiriblər. Baş redaktor Aynur Elgünəş məhkəmədə cinayət işinin Meydan TV-nin araşdırma və tənqidi yazılarına görə qisas məqsədilə başladıldığını deyib.

“Meydan TV-nin altı jurnalistinin saxlanılması bir daha sübut edir ki, Azərbaycan vətəndaşlarına məlumat verməyə cəsarət edənlərə qarşı amansız repressiyalara hazırdır”, Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye əlavə edib.

2013-cü ildə yaradılan Meydan TV fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib. Daha əvvəl də haqqında cinayət işi açılan media orqanının əməkdaşlarına qarşı səyahət qadağası tətbiq edilib, Azərbaycanda nəşrin saytına giriş bloklanıb.

Avropa Məhkəməsinin jurnalistlərə qoyulan səyahət qadağasını qanunsuz saydığı qərarından sonra Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

Xətai Rayon Məhkəməsi dekabrında 8-də həmçinin Azərbaycanda uzun illərdir jurnalistlərin peşə qabiliyyətlərinin artırılması istiqamətində layihələr həyata keçirən Bakı Jurnalistika Məktəbinin direktor müavini, Meydan TV əməkdaşları ilə eyni gündə saxlanılan Ülvi Tahirov barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçib.

Saxlanılanlardan fotojurnalist Əhməd Muxtar isə xırda xuliqanlıqda günahlandırılaraq 20 sutkalıq həbs edilib.

Azərbaycanda ötən ilin noyabrından başlayaraq 20-dən artıq jurnalist və media işçisi “qaçaqmalçılıq” və digər cinayət ittihamları ilə həbs edilib.

Korrupsiya araşdırmaları ilə tanınan Abzas Medianın, habelə digər müstəqil media orqanı Toplum TV-nin redaksiyaları bağlanıb.

Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.

Forum

XS
SM
MD
LG