Korrupsiyaya Qarşı Mübarizə Çempionları Mükafatı layiq görülən “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı ictimaiyyətə müraciət ünvanlayıb.
“Bu nüfuzlu mükafata məni layiq bildiklərinə görə demokratik prinsiplərə sadiq qalan hər kəsə təşəkkür edirəm. “Abzas Media” olaraq ölkə rəhbəri İlham Əliyevin ailə üzvlərinin korrupsiya cinayətlərindən tutmuş onun təyin etdiyi məmurların dövlət vəsaitlərini necə mənimsədiklərinə qədər bütün cinayətlərini üzə çıxarmışıq. Təəssüf edirəm ki, dövlət qurumları bu faktlar əsasında həmin vəzifəli şəxslərə qarşı cinayət işi açmaq əvəzinə, bu cinayətləri üzə çıxaran jurnalistləri “çirkli pullar”da ittiham edib, həbs etdilər”.
Vaqifqızı mükafatın korrupsiya cinayətlərini üzə çıxaran bütün jurnalistlərin nailiyyəti olduğunu qeyd edib.
“İlham Əliyev onun siyasətini təftiş edəcək məhkəmə, qanunverici orqanı öz əlinə alandan sonra müstəqil medianı yox etməyə çalışır. Amma inanıram ki, demokratiya prinsiplərinə sadiq qalan hər kəs bu ölkənin yeganə nəfəsliyi olan azad medianı məhv etməyə qoymayacaq” - deyə, baş redaktor məktubunda qeyd edib.
Dekabrın 9-da ABŞ Dövlət Departamentində Dövlət katibi Antoni Bilenkenin iştirakı ilə Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş mükafatlandırma mərasimi olub.
Builki mükafatçılar kolumbiyalı Xorxe Mora Kortes, nepallı Matrika Dahal, albaniyalı Altin Dumani, ermənistanlı Srbuhi Qalyan, livanlı Karl İrani, qambiyalı Marr Nyanq, panamalı Xavyer Enrike Karaballo Salazar, qazaxıstanlı Didar Smaqulov, Uqandalı Ssentonqo Cimmi və Azərbaycandan Sevinc Vaqifqızıdır.
"Abzas Media" işi ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
“Abzas Media işi” üzrə cinayət işinə dekabrın 17-də ilkin baxış iclası təyin olunub.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.
Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.
Forum