Dekabrın 6-da COP29 zamanı küçə itlərinin öldürülməsinə etiraz edən heyvan haqları fəalı Kamran Məmmədlinin saxlanıldığı bildirilir. Bu barədə fəalın dostları məlumat yayıb.
Məlumatda deyilir ki, Məmmədlidən 6 saatdan artıqdır xəbər ala bilmirlər.
“Onunla əlaqə qura bilmirik, saxlanıldığını ehtimal edirik. COP29 zamanı aksiya keçirmişdi, çox güman ki, səbəb budur”, deyə, məlumatda qeyd olunur.
Dekabrın 2-də isə fəalın ölkədən çıxışına qadağa qoyulub. Bu barədə fəal Amerikanın Səsinə məlumat verib.
Onun sözlərinə görə, o səhər saatlarında Gürcüstana uçarkən pasport yoxlanışından keçə bilməyib.
"10 günlük Tbilisiyə səfərim var idi, hava limanında dedilər ki, Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışıma məhdudiyyət qoyulub. Heç bir səbəb demədilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elşad Hacıyevə zəng etsəm də, telefona cavab vermədi. Ehtimal edirəm ki, ölkədən çıxışıma qadağa COP29 zamanı keçirdiyim aksiya ilə bağlıdır", Kamran Məmmədli deyib.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.
Noyabrın 15-də heyvan haqları fəalı, "Veqan kollektiv" aktivist qrupun üzvü Kamran Məmmədli COP29 tədbiri zamanı yaşıl zonada Azərbaycanda küçə itlərinin öldürülməsinə qarşı etiraz aksiyası keçirib.
Fəal əlində "Küçə itlərini öldürməyi dayandırın!" şüarlı plakat tutub.
“Azərbaycan hakimiyyəti itləri küçədə güllələyir. Azərbaycan diktaturası sahibsiz küçə itlərinə qarşı qətliam törədir" - deyə, fəal aksiya keçirərkən deyib.
Fəal tədbirin mühafizəçiləri tərəfindən zorakılıqla saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.
Heyvan haqları fəalları bundan öncə də dəfələrlə küçə itlərinin öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.
Fəallar "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinə etiraz edərək deyirlər ki, onlar küçədən toplanan itləri öldürürlər və bunun dayandırılmasını tələb edirlər.
"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi iddiaları təkzib edir və böhtan adlandırır.
Hər il fərqli ölkələrin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransının (Conference of the Parties-COP) 29-cu sessiyası noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakının Olimpiya stadionunda keçirilib.
COP sammiti bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir.
Bakıda keçirilən COP29 konfransında əsas hədəf iqlim dəyişikliyinin təsirinin və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşmə üzrə razılığın əldə olunması olub.
Sammitdə ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan sazişin yekun variantı təsdiq edilib.
Bir sıra beynəlxalq təşkilatlar bəyanatlarında Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə insan hüquqlarının vəziyyətinə, müstəqil jurnalistlərin həbsinə, eləcə də vətəndaş cəmiyyətinin məhvinə diqqət çəkib.
“Amnesty International" təşkilatı yaydığı sənəddə qeyd edib ki, Azərbaycana COP29-a sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib.
“Əslində, Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət 2023-cü ilin dekabrından etibarən daha da pisləşib. Hakimiyyət sammitdə "hamının səsinin eşidilməsini təmin etdiyini" iddia edir, amma bu il onlar ondan çox fəalı və jurnalisti təqib edib və iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub", hesabatda deyilir.
Son bir ildə ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal müxtəlif ittihamlarla həbs olunub. Onların arasında korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, "III Respublika Platforması"nın spikeri Akif Qurbanov, "meclis.info" saytının rəhbəri İmran Əliyev, "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli, "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin rəhbəri Anar Məmmədli və digərləri var.
Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, jurnalist və hüquq müdafiəçisi fəaliyyətlərinə görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.
Azərbaycan hakimiyyəti isə bir qayda olaraq tənqidi bəyanatlarla razılaşmır və onları qərəzli hesab edir. Eyni zamanda, insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Forum