Accessibility links

Prokuror Teymur Kərimovun 9 il azadlıqdan məhrum edilməsini istəyib


Teymur Kərimov
Teymur Kərimov

Dekabrın 23-də "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimova qarşı açılmış cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Məhkəmədə dövlət ittihamçısı çıxış edib və Kərimovun 9 il, İstək Totiyevanın isə 3 il müddətə azadlıqdan məhrum edilməsini, onun məhkəmə zalında həbsini tələb edib. Bu barədə jurnalistin vəkili Nemət Kərimli Amerikanın Səsinə məlumat verib.

Vəkil bildirib ki, müdafiə tərəfi prokurorun çıxışı ilə razılaşmır.

"İlk gündən Teymur Kərimov özünü təqsirli bilmir və məhz jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyir. Təbii ki, o, bəraət istəyir. Kərimov növbəti məhkəmədə son sözlə çıxış edəcək. Prokuror çıxışında ittiham aktına, saxta məlumatlara istinad etdi. Faktiki olaraq şahid Leyla Almaszadə məhkəmədə ifadəsindən imtina etmişdi və Kərimova pul vermədiyini demişdi. Digər zərərçəkən kimi tanınan şəxs isə məhkəmədə yarımçıq dindirilmişdi, bu ifadəyə istinad etmək isə qanun pozuntusudur. O ifadə verərkən hakim ona suallar verilməsinə imkan vermədi, bununla bağlı dəfələrlə vəsatət verilsə də təmin olunmadı" - deyə, vəkil qeyd edib.

Növbəti məhkəmə prosesi dekabrın 28-ə təyin olunub.

Teymur Kərimov reportyor İstək Totiyeva ilə birlikdə mühakimə olunsa da, Totiyeva həbsdə deyil, məhkəmənin hökmünə qədər onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb. Jurnalist bu ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini deyib.

Teymur Kərimov məhkəmədə bildirib ki, ona həbs olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") saat və tarixi qeyd olunmayan sənədlərə imza çəkdiriblər. Jurnalist idarədə ona işgəncə verildiyini deyib.

İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.

Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.

Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.

Lakin Azərbaycan hakimiyyəti bu tənqidlərlə razılaşmır, ölkədə heç kimin siyasi baxışlarına və iradəsinə görə həbs olunmadığını bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG