Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət katibinin bəyanatını qərəzli sayır


Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırışı əks olunan bəyanatına cavab verib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edir.

“Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir. Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur. Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq”, Xarici Işlər Nazirliynin rəsmisinin şərhində deyilir.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağıran bəyanatla çıxış edib.

“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır,” Antoni Blinkenin bəyanatında deyilir.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar təkcə bu həbslərdən deyil, Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır.

Dövlət katibi Blinken Rüfət Səfərov və Sevinc Vaqifqızının insan hüquqlarını müdafiə etdiklərinə görə bu həftə Vaşinqtonda mükafatlarla təltif olunduqlarını bildirib.

Rüfət Səfərovun “Müdafiə Xətti” təşkilatının həm-təsisçisi olduğunu xatırladan Blinken onun Azərbaycanda qalan azsaylı hüquq müdafiəçilərindən biri olduğunu və işinə görə hədəfə alındığını qeyd edib.

“Azərbaycan hakimiyyəti cənab Səfərovu dekabrın 3-də, onun Dövlət Katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatını almaq üçün ABŞ-a getməsinə bir neçə gün qalmış həbs edib,” bəyanatda deyilir.

Blinken həmçinin 2024-ci ildə Dövlət katibinin Korrupsiyaya Qarşı Mübarizə Çempionları Mükafatını alan “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının da həbs edildiyini xatırladıb.

“Onun gördüyü iş hakimiyyətin qəzəbinə səbəb olub və o, 2023-cü ilin noyabr ayından istintaq təcridxanasında saxlanılır,” Blinken deyib.

Dövlət katibi Azərbaycan hökumətinin həqsız yerə həbs olunanları azad etməyə çağırıb.

“Biz Azərbaycan hökumətini insan haqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmağa, hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına qoşularkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq,” Blinken deyib.

Sevinc Vaqifqızı “Abzas Media” saytının baş redaktoru olub. O, ötən ilin noyabrında həbs olunub.

Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb.

Rüfət Səfərov isə bu ilin dekabrın 3-də həbs edilib. Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçisi Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

Xatırladaq ki, son bir ildə Azərbaycanda iyirmidən çox jurnalist, media əməkdaşı, vətəndaş cəmiyyəti fəalları, siyasi xadimlər, təhliçilər həbs edilib. Onların demək olar ki, əksəriyyəti qaçaqmalçılıqda ittiham olunur. həbs edilənlər ittihamları qəbul etmir, həbslərinin tənqidi yazıları ilə bağlı olduğunu bildirir.

Yerli hüquq müdafiəçiləri hazırda ölkədə 320-dən çox siyasi məhbus olduğunu bildirir.

Azərbaycan rəsmiləri isə jurnalistlərin bir araşdırma əsasında saxlanıldığını bildirir.

Dövlət rəsmiləri ümumiyətlə insan hüquqları ilə bağlı tənqidi bəyanatları qəbul etmir, qərəzli adlandırır. Rəsmi Bakı həmçinin ölkədə bütün fundamental hüquqların tam bərpa edildiyini, insanlarpın iradəsinə görə təqib edilmədiyini, qanun qarşısında bərabər olduğunu bildirir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG