Azərbaycan insan hüquqları müdafiəçisi, “Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov ABŞ Dövlət Departmentinin İnsan Hüquqları Müdafiəçisi Mükafatının qaliblərindən biri olub.
Səhnədə mükafatçılar üçün ayrılmış yerdə Səfərovun oturacağının boş olması diqqət mərkəzində olub. O, bir həftə öncə bu tədbirə səfər məqsədilə viza almaq üçün Bakıdakı ABŞ səfirliyində görüşdən çıxdıqdan qısa müddət sonra saxlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.
İnsan Hüquqları Müdafiəçisi mükafatının təqdimatı ABŞ Dövlət Departmenti tərəfindən 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilir.
Mərasimdə Dövlət katibi Antoni Blinkenlə bərabər dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya və dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand iştirak ediblər.
Mərasimdən öncə yayılan məlumatda deyilirdi ki, bu ilin İnsan Hüquqları Müdafiəçisi Mükafatının qalibləri Azərbaycan, Boliviya, Kolumbiya, Esvatini, Qana, Küveyt, Myanma və Qırğızıstanda liderlik nümayiş etdirən şəxslərdir.
Mərasimin açılışıda çıxış edən Dafna Rand və Uzra Zeya müxtəlif ölkələrdən gələn mükafatçıları salamladılar və insan hüquqlarının beynəlxalq səviyyədə müdafiəsinin ABŞ administrasiyası üçün önəmini qeyd etdilər.
Daha sonra nitq üçün söz alan ABŞ Dövlət katibi Antoni Blinken mükafatçıların öz ölkələrində gördükləri işlər haqqında danışdı, onların hər birinin insan hüquqlarının müdafiəsinə verdikləri töhfələri qeyd etdi.
“Mən İnsan Hüquqları Gününün qeyd edilməsinin bu insanlara hörmətimizi ifadə etməkdən daha gözəl yolunu bilmirəm”, Blinken bildirdi.
Azərbaycandan olan mükafatçı, “Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov haqda danışan zaman ABŞ Dövlət katibi iştirakçılara Səfərovun və təşkilatın tarixçəsi haqda məlumat verdi:
“Prokurorluqda çalışarkən o [Rüfət Səfərov] inanırdı ki, məsuliyyət daşıyanlar cavabdeh tutulmalıdır. Əvəzində isə o, işindən məhrum oldu. Ona saxta rüşvətxorluq ittihamı irəli sürüldü. Saxta məhkəmə onu 9 illik həbs cəzasına məhkum etdi. Azadlığa çıxdıqdan sonra o, insan hüuqlarını müdafiə etdiklərinə görə, vəzifədən sui-istifadə hallarını sənədləşdirdiklərinə görə və hökumətin xoşlamadığı digər qanuni fəaliyyətlərə görə hədəfə alınan insanlara kömək edəcək təşkilatın əsasını qoydu. “Müdafiə Xətti” bu insanların məhkəmələrini müşahidə edir, həbsxanada ziyarət edir, ailələrinə dəstək olur. Bu təşkilat həmin insanların işləri haqda beynəlxalq ictimaiyyəti məlumatlandırır.”
Daha sonra Antoni Blinken mükafatçılar üçün səhnədə ayrılan oturacaqlara işarə edərək, onlardan birinin boş olduğunu vurğuladı:
“Fikir verdiyiniz kimi, bu səhnədə oturacaqların biri boşdur. Bu, Rüfət Səfərova məxsusdur - bir neçə dəqiqə öncə haqqında danışdığım azərbaycanlı insan hüquqları müdafiəçisi. Keçən həftə, bu mərasimə səfər etmək məqsədilə vizasını almaq üçün ABŞ səfirliyindən çıxdıqdan cəmi bir neçə saat sonra Rüfət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldı. Onun barəsində həbs qətimkan tədbiri seçildi. Azərbaycan hökuməti Rüfəti azadlığa buraxmalı və bunu dərhal etməlidir. Onun kimi digər jurnalistləri, insan hüquqları müdafiəçilərini, siyasi opponentlərini və ədalətsiz şəkildə həbs edilən digərlərini azad etməlidir. Saxlanılmasından sonra Rüfətin adından paylaşılan sosial media postunda o, bunları yazıb: “Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir.”
Dövlət katibi nitqini tamamlayandan sonra Boliviya, Kolumbiya, Esvatini, Qana, Küveyt, Myanma və Qırğızıstandan olan insan hüquqları müdafiəçilərinə mükafatlarını təqdim etdi və onlarla xatirə şəkli çəkdirdi.
Alqışlarla müşaiyət edilən foto mərasiminin sonunda Antoni Blinken Rüfət Səfərova ayrılmış boş oturacağa yaxınlaşdı və onun mükafatı ilə bərabər xatirə şəkli çəkdirdi.
Rüfət Səfərovun həbsi
Rüfət Səfərov mükafatın təqdimatına bir neçə gün qalmış, dekabrın 3-də Azərbaycanda həbs edilib. Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçisi Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.
“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.
Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.
Forum