Accessibility links

Məhkəmə Rüfət Səfərovu həbsdə saxlayıb


Rüfət Səfərov həbsdə saxlanılıb
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Dekabrın 11-də Bakı Apellyasiya məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov barəsində çıxarılan həbs qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, məhkəmə hüquq müdafiəçisinin həbs edilməsi barədə Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkilin sözlərinə görə, apellyasiya şikayətində bu qərarın ləğv edilməsi və Rüfət Səfərovun azad edilməsi göstərilib.

“Eyni zamanda vəkillər olaraq şikayətimizdə göstərmişdik ki, əgər məhkəmə hesab eləsə ki, həbs qətimkan tədbirlərini ləğv eləməyə əsaslar yoxdur, ev dustaqlığı ilə əvəz olunsun. Yenə də həmişəki kimi təmin olunmadı”, vəkil qeyd edib.

Bəhruz Bayramov bu günki məhkəmə prosesində Rüfət Səfərovun da iştirak etdiyini bildirib.

O məhkəmədə bir daha həbsinin siyasi sifarişli olduğunu və həbsinin səbəbini ABŞ-da mükafat almasının qarşısının alınması olduğunu bildirib.

Rüfət Səfərovun digər vəkili Rövşanə Rəhimli də bildirib ki, Rüfət Səfərov atasının səhhətindən narahatdır və mesaj göndərərək, atasını tək buraxmamağı xahiş edib.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə açıqlamasında bildirib ki, Rüfət Səfərov hüquq müdafiəçisi kimi siyasi məhbusların müdafiəsində yaxından iştirak edirdi.

“Siyasi məhbus mövzusu isə Azərbaycan hakimiyyətini hər zaman narahat edən əsas mövzlardan biridir, istəmirlər siyasi məhbus məsələsi gündəmdə olsun. Hakimiyyət həmişə ölkədə siyasi məhbus olmadığını deyir. Ona görə də siyasi məhbus məsələlərinin gündəmdə saxlanılması hakimiyyətin xoşuna gəlmir”, o qeyd edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.

Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

Azərbaycanın hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda 319 siyasi məhbus var. Siyasi məhbus kimi tanınan şəxslərin heç biri özünü təqsirli bilmir, həbslərinin tənqidi baxışları, peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini ədalətsiz həbsdə olan şəxsləri azad etməyə çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.

Forum

XS
SM
MD
LG