Son günlər Azərbaycanda jurnalistlərin və fəalların həbsi ictimai-siyasi dairələrdə, sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Dekabrın 6-da “MeydanTV” internet nəşrinin azı 6 jurnalisti olmaqla, 12 nəfərin saxlanıldığı bildirilir. Bu barədə “Meydan TV”nin redaktoru Orxan Məmmədin məlumat verib.
Orxan Məmməd ilk öncə “Meydan TV”nin saxlanılan əməkdaşları, baş redaktor Aynur Elgünəşin (Qənbərova), əməkdaşlar Aytac Tapdıqın, Xəyalə Ağayevanın, Natiq Cavadlının, jurnalistlər Aysel Umudovanın və Ramin Dekonun adlarını çəkib. O həmçinin dekabrın 7-də saxlanılan daha 5 şəxsin adını açıqlayıb. Bunlar Əhməd Muxtar (foto jurnalist), Ülvi Tahirov (media əməkdaşı), Kamran Məmmədli (ictimai fəal), Elnur Cabbarzadə (saxlanılan şəxsin yaxını) və Yunis Rzayevdir (saxlanılan şəxsin yaxını).
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
“Məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb. Əlavə məlumat veriləcək”, Mətbuat xidməti dekabrın 6-da bildirib. Dekabrın 7-də isə Mətbuat xidməti Amerikanın Səsinə saxlanılanlar barədə əlavə məlumata hələ malik olmadığını bildirib.
Vəkillərin dediyinə görə, saxlanılan jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Cəmil Həsənli: 37-ci ildə də belə idi, hər gün yeni həbslərdən xəbər alırıq
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Amerikanın Səsinə bildirib ki, son həbslərdən 37-ci ilin qoxusu (Stalin repressiyası-red) gəlir.
“İndi hər gün, hər həftə yeni həbslər barədə xəbərlər alırıq. 37-ci ildə də belə idi. İnsanlar səksəkə içərisində yaşayırdı. Hər kəs qapısının döyüləcəyini gözləyirdi. İndi də belədir. Son həftədə hüquq müdafiəçisi Rüfət Səfərov, MeydanTV-nin 6 jurnalisti həbs olunub”, o qeyd edib.
O hesab edir ki, hazırkı həbslər mediaya və jurnalıislərə qarşı başlanmış həbslər dalğasının bir mərhələsidir.
“Abzas Media, ToplumTV, Kanal13-ün əməkdaşları həbs edilmişdi, nəhayət növbə MeydanTV-yə çatdı. Bu jurnalistlərin demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Amma, açılan faktlar, jurnalist araşdırmaları qaçaqmalçılıqla kimlərin məşğul olduğunu çox açıq şəkildə ortaya qoyur”.
Həsənlinin fikrincə, istər Sovet dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycanda bu qədər jurnalist həbsdə olmayıb.
“Dünən Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı, Aysel Umudova və Ramin Deko saxlanılıb. Bunların hamısına qaçaqmalçılıq ittihamı irəli sürülüb. Məsələn, Aynur Elgünəş hansı qaçaqmalçılıqla məşğul ola bilər? Öz peşəsini vicdanla yerinə yetirən bir jurnalistdir. Natiq Cavadlı ölkənin ən mütaliəli adamlarındandır. O ömrünü-gününü kitabla keçirən ən tərbiyəli adamlardan biridir. Bu adamların evində axtarış aparıblar, amma qaçaqmalçılığın predmeti olan nəsə üzə çıxmayıb. Buna baxmayaraq insanları həbs edirlər, onların talelərini məhv edirlər. İstər Abzas Media, istər Toplum TV, istər Kanal 13, istərsə də Meydan TV səhifələrində korrupsiya halları ilə bağlı araşdırmalar dərc edən medialardır. Bunlar özlərini islah edə bilmir, onların əməllərindən yazan mediaya qarşı repressiya siyasəti həyata keçirirlər”.
Milli Şura bütün həbsləri pisləyir.
“Bu, jurnalsitlərə qarşı təqib siyasətidir. Onların peşə fəaliyyətinə qarşı yönəlmiş təhdid siyasətidir. Azad sözdən, azad araşdırmalardan hakimiyyətin keçirdiyi narahataçılığın nətiəcisidir”, Həsənli qeyd edib.
Arif Hacılı: “MeydanTV” əməkdaşları sərbəst buraxılmalıdır
Müsavat Partiyasının Məclsi sədri Arif Hacılı hesab edir ki, ölkənin işıqlı insanları həbs edildikcə cəmiyyət qaranlığa düçar olur.
“Davam edən həbslər müharibədə qalib gəlmiş, ərazilərini 30 illik əsirlikdən xilas etmiş xalqın qamətinin dikəlməsinə imkan verməmək, yenə də xof və kəsafət içində yaşamağa vadar etmək siyasətidir. Bu siyasətə son qoyulmalı, Ramin Deko və saxlanılan Meydan tv əməkdaşları sərbəst buraxılmalıdır.
Bütün siyasi məhbuslara azadlıq!”, o facebook hesabında qeyd edib.
Azər Qasımlı: Azərbaycanı uzun müddətli diktaturaya çevirə bilməyəcəklər
“Siyasi Menecment” İnstitutnun rəhbəri Azər Qasımlı bildirir ki, daha 6 jurnalist həbs edilib.
“Bu dəfə sırada Meydan TV-dir. Hakimiyyət səfirlərin (ABŞ, Böyük Britaniya, Avropa İtifaqı və İsveçrənin Azərbaycandakı səfirləri-red) insan haqları ilə əlaqədar çıxışına bu şəkildə cavab verdi. Lakin bu həbslər ilk növbədə son illərin trendinin davamıdır. Azərbaycanda sürətlə diktatura qurulmaqdadır. Bu da hakimiyyətin Rusiyadan yana qeopolitik seçiminin nəticəsidir. Qısa müddətli buna nail ola bilərlər, lakin Azərbaycanı uzun müddətli diktaturaya çevirə bilməyəcəklər!”, o qeyd edib.
Şəmşad Ağa: Sözə qarşı savaşanların hamısı fənaya uğrayıb
Müstəqil jurnalist Şəmşad Ağa bildirir ki, postmedia dövründə hakimiyyətin müstəqil mediaya qarşı amansız və heç bir əxlaqa sığmayan təzyiqləri bütün Azərbaycan xalqının gözü qarşısında baş verir.
“Qeyri-şəffaf avtoritar rejimlər öz eyiblərini gizlətmək üçün güzgünü sındırmağı çıxış yolu sayırlar. Amma dünyada heç bir müstəbid hakmiyyət sözə qalib gələ bilməyib, sözə qarşı savaşanların hamısı fənaya uğrayıb. Günahsız və qanunsuz həbs edilən dostlarımızın yanındayıq. Abzasda, Toplumda və Meydandayıq!”, o facebook hesabında yazıb.
Əli Kərimli: Demokratiyanı boğmağa çalışanlar məğlub olurlar
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli rejimin müstəqil mətbuatın ölkədəki son qalıqlarını da məhv etmək, Azərbaycanı Türkmənistanlaşdırmaq siyasətini qəti şəkildə pisləyir.
“Belə görünür ki, İlham Əliyev hakimiyyəti Azərbaycanı zülmət qaranlığa qərq etməkdə qərarlıdır. Ölkəyə işıq salan bütün pəncərələr qapanır. Ancaq rejim başçıları onu başa düşmürlər ki, onlardan qabaq neçə - neçə avtoritar rejimlər eynisini ediblər, tarixin təkərini tərsinə fırlatmağa, obyektiv tarixi prosesi durdurmağa, demokratiyanı beşiyində boğmağa çalışıblar və bacarmayıblar. Sonda özləri məğlub olublar. Bu hakimiyyəti də eyni tale gözləyir”, o facebook hesabında yazıb.
Müsavat Partiyası “repressiyaların dayandırılmasını” tələb edir
“Müsavat Partiyası Azərbaycan hakimiyyətindən siyasi motivlərlə həbs olunan şəxslərin dərhal azad edilməsini, ölkədə repressiyaların dayandırılmasını tələb edir”.
Bu barədə partiyanın dekabrın 7-də insan haqlarının durumu ilə bağlı qəbul etdiyi bəyanatda deyilir.
Müsavat Partiyası Azərbaycan hakimiyyətini regionda və dünyada gedən son prosesləri nəzərə almağı, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində ölkədə vətəndaş həmrəyliyinə nail olunması istiqamətində təsirli addımlar atmağa çağırır.
Sənəddə deyilir ki, “COP 29” beynəlxalq İqlim Konfransı ərəfəsində cəmiyyətdə siyasi məhbusların azad olunacağına böyük ümidlər yaranmasına baxmayaraq hakimiyyət gözləntilərin əksinə olaraq, nəinki siyasi məhbusları azad etmir, əksinə, repressiv tədbirləri getdikcə daha çox dərinləşdirir.
“Hazırda Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, AXCP üzvü Zamin Salayev də daxil olmaqla, bir sıra siyasi və ictimai fəallar, jurnalistlər, o cümlədən “Toplum TV”, “Abzas Media”, “Kanal 13”-ün təmsilçiləri və əməkdaşları, eləcə də dini fəallar – hüquq müdafiə təşkilatlarının hesabatlarına görə, ümumilikdə 300-dən artıq ölkə vətəndaşı günahsız olaraq həbsdə saxlanılır.
Son günlərdə hüquq-müdafiəçisi Rüfət Səfərov əsassız ittihamlarla həbs edilib. Müstəqil jurnalist Ramin Cəbrayılzadə (DEKO) və Meydan TV-nin əməkdaşları – Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgünəş, Aysel Umudova və Natiq Cavadlı əsassız olaraq saxlanılıblar”, bəyanatda qeyd edilir.
Natiq Cəfərli: Jurnalistlərin siyasi motivlərlə saxlanılması yolveriməzdir
Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli bildirir ki, tuthatut dövlətə, hökumətə ziyandan başqa heç nə vermir.
“Jurnalistlərin, vətəndaş cəmiyyəti üzvlərinin siyasi motivlərlə saxlanılması yolveriməzdir, məntiqsizdir, hətta, ayıbdır...”, o facebook səhifəsində yazıb.
Məmməd Talıblı: Bu gedişat Azərbaycanı "birrəngli jurnalistikaya" doğru aparır
İqtisadçı alim Məmməd Talıblı hesab edir ki, müstəqil jurnalistlərə qarşı hücumlar heç bir yaxşı gələcək vəd vermir.
“Plüralist cəmiyyətin əsas şərti palitranın rəngarəngliyini təmin etməkdir. Bu gedişat Azərbaycanı "birrəngli jurnalistikaya" doğru aparır. Natiq Cavadlı bütün müsahiblərinə qarşı solaxay sualları seçilən cəsarətli media təmsilçisidir. Onun jurnalist fəaliyyəti şəffafdır və çox aydındır. Ona qarşı qərəzli münasibət qəbuledilməzdir. Pisləyirəm!”, o qeyd edib.
Qeyd: Cəhdlərimizə baxmayaraq iqtidaryönümlü siyasətçilərdən son həbslərlə bağlı münasibət ala bilmədik. Bununla belə Azərbaycan hakimiyyəti ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.
Forum