Dekabrın 10-da ABŞ Dövlət Departamenti İnsan Hüquqları Müdafiəçisi Mükafat Mərasiminə ev sahibliyi edəcək
Tədbirə Dövlət katibi Antoni Blinken, dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya və dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand qatılacaq.
“Bu ilki mükafatı alan ölkələr - Azərbaycan, Boliviya, Birma, Kolumbiya, Esvatini, Qana, Küveyt və Qırğızıstandan olan mükafatçılar insan hüquqlarının təşviqində liderlik, cəsarət və təsir nümayiş etdiriblər”, Dövlət Departamentinin məlumatında deyilir.
Qeyd edək ki, Azərbaycanın "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun bu mükafata layiq görüldüyü bildirilir.
O mükafatın təqdimatına bir neçə gün qalmış, dekabrın 3-də Azərbaycanda həbs edilib. Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçisi Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.
“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.
Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.
Forum