Accessibility links

Məhkəmə keçmiş deputat Nazim Bəydəmirlini həbsdə saxlayıb


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Bakı Apellyasiya Məhkəməsi dekabrın 11-də Milli Məclisin keçmiş deputatı, iş adamı Nazim Bəydəmirli barəsində hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

Vəkil Aqil Layıcın məlumatına görə, məhkəmə birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlayıb.

Apellyasiya şikayətində Nazim Bəydəmirli barəsində olan hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılması istənilib.

Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Fərid Namazovun sədrliyi ilə Milli Məclisin keçmiş deputatı, iş adamı Nazim Bəydəmirlini 8 il həbsə məhkum edib.

Vəkili Ağıl Layıc Bəydəmirlinin günahının məhkəmədə sübuta yetirilmədiyini bildirib. Onun sözlərinə görə, məhkəmə prosesində müdafiə tərəfinin bir vəsatəti belə təmin olunmayıb, bir dənə də olsun maddi sübut təqdim edilməyib.

Vəkil Bəydəmirliyə qarşı işi “qanuni terror” adlandırıb.

Bəydəmirlinin özü cinayət işini qızıl mədəninin ətraf mühitin çirklənməsinə qarşı Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazı ilə bağlı etdiyi çıxışlarla əlaqələndirib.

2023-cü ilin iyulun 5-də Nərimanov Rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 2013-cü il sentyabrın 1-də Bəydəmirliyə qarşı daha bir ittiham, - Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Vəkilin sözlərinə görə, bu ittiham Baydəmirlinin 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində guya kimdənsə pul tələb etməsi ilə bağlıdır.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

"Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Forum

XS
SM
MD
LG