Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.
“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır,” Antoni Blinken dekabrın 11-də yaydığı bəyanatda bildirir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar təkcə bu həbslərdən deyil, Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır.
Dövlət katibi Blinken Rüfət Səfərov və Sevinc Vaqifqızının insan hüquqlarını müdafiə etdiklərinə görə bu həftə Vaşinqtonda mükafatlarla təltif olunduqlarını bildirib.
Rüfət Səfərovun “Müdafiə Xətti” təşkilatının həm-təsisçisi olduğunu xatırladan Blinken onun Azərbaycanda qalan azsaylı hüquq müdafiəçilərindən biri olduğunu və işinə görə hədəfə alındığını qeyd edib.
“Azərbaycan hakimiyyəti cənab Səfərovu dekabrın 3-də, onun Dövlət Katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatını almaq üçün ABŞ-a getməsinə bir neçə gün qalmış həbs edib,” bəyanatda deyilir.
Blinken həmçinin 2024-ci ildə Dövlət katibinin Korrupsiyaya Qarşı Mübarizə Çempionları Mükafatını alan “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının da həbs edildiyini xatırladıb. “Onun gördüyü iş hakimiyyətin qəzəbinə səbəb olub və o, 2023-cü ilin noyabr ayından istintaq təcridxanasında saxlanılır,” Blinken deyib.
Dövlət Katibi Azərbaycan hökumətinin həqsız yerə həbs olunanları azad etməyə çağırıb. “Biz Azərbaycan hökumətini insan haqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmağa, hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına qoşularkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq,” Blinken deyib.
Dövlət katibi Rüfət Səfərova mükafat təqdim edib
Dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ Dövlət Departamentində bir neçə ölkədən tanınmış insan hüqları müdafiəçilərinə Dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatları təqdim olunub.
Qaliblərdən biri Azərbaycan insan hüquqları müdafiəçisi, “Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov olub. Bir həftə öncə bu tədbirə səfər məqsədilə viza almaq üçün Bakıdakı ABŞ səfirliyində görüşdən çıxdıqdan qısa müddət sonra saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən Rüfət Səfərovun səhnədə mükafatçılar üçün ayrılmış yerdə oturacağının boş olması diqqət mərkəzində olub.
Antoni Blinken həmin oturacağa işarə edərək, deyib:
“Fikir verdiyiniz kimi, bu səhnədə oturacaqların biri boşdur. Bu, Rüfət Səfərova məxsusdur - bir neçə dəqiqə öncə haqqında danışdığım azərbaycanlı insan hüquqları müdafiəçisi. Keçən həftə, bu mərasimə səfər etmək məqsədilə vizasını almaq üçün ABŞ səfirliyindən çıxdıqdan cəmi bir neçə saat sonra Rüfət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldı. Onun barəsində həbs qətimkan tədbiri seçildi. Azərbaycan hökuməti Rüfəti azadlığa buraxmalı və bunu dərhal etməlidir. Onun kimi digər jurnalistləri, insan hüquqları müdafiəçilərini, siyasi opponentlərini və ədalətsiz şəkildə həbs edilən digərlərini azad etməlidir. Saxlanılmasından sonra Rüfətin adından paylaşılan sosial media postunda o, bunları yazıb: “Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir.”
Dövlət katibi nitqini tamamlayandan sonra Boliviya, Kolumbiya, Esvatini, Qana, Küveyt, Myanma və Qırğızıstandan olan insan hüquqları müdafiəçilərinə mükafatlarını təqdim edib və onlarla xatirə şəkli çəkdirib.
Alqışlarla müşaiyət edilən foto mərasiminin sonunda Antoni Blinken Rüfət Səfərova ayrılmış boş oturacağa yaxınlaşıb və onun mükafatı ilə bərabər xatirə şəkli çəkdirib.
Sevinc Vaqifqızı ABŞ Dövlət Katibi tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə çempion elan edilib
Bundan bir gün öncə, dekabrın 9-da ABŞ Dövlət Departamentində Dövlət Katibi Antoni Blinkenin iştirakı ilə Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş mükafatlandırma mərasimi olub.
Departamentin məlumatına görə, Birləşmiş Ştatlar korrupsiyaya qarşı mübarizədə əlamətdar addımlar atmış şəxsləri tanımaq və ABŞ-ın bu qəhrəman tərəfdaşlarla həmrəyliyini nümayiş etdirmək üçün 2021-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Çempionları Mükafatını təqdim edib.
Builki mükafatçılar arasında Azərbaycandan Sevinc Vaqifqızı olub.
Dövlət katibi həbsdə olması səbəbilə mərasimdə iştirak edə bilməyən Sevinc Vaqifqızı ilə bağlı qısa məlumat verib. “Azərbaycanlı jurnalist Sevinc Vaqifqızı hakimiyyətin sui-istifadələrini ifşa etməyə on ildən çox vaxtını həsr edib. O, həm də bugün burada aramızda olmayan yeganə mükafatçıdır. 2023-cü ilin noyabrında Sevinc Azərbaycanın müstəqil mediasına qarşı təzyiqlər fonunda xaricdən vətəninə uçub. Gələn kimi həbs oluna biləcəyini bilə-bilə geri qayıtdı. Və belə də oldu. İndi, bir ildən çox vaxt keçsə də, o, həbsdə qalmağa davam edir,” Dövlət katibi deyib.
Sevinc Vaqifqızı və Rüfət Səfərovun həbsi
Sevinc Vaqifqızı “Abzas Media” saytının baş redaktoru olub. O, ötən ilin noyabrında həbs olunub.
Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb.
Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilib.
Rüfət Səfərov isə bu ilin dekabrın 3-də həbs edilib. Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçisi Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.
Forum