Həbsdə olan "Kanal 13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə buildirib.
Vəkilin sözlərinə görə, Əziz Orucov cinayət işi ilə artıq tanış olub.
“Müdafiə tərəfi olaraq cianyət işinə xitam verilməsi və Əziz Orucova bəraət verilməsi ilə bağlı vəsatət vermişəm. Çünki ibtidai istintaqda ittiham sübut olunmayıb. Əziz Orucovun özü də ittiham qəbul etmir və jurnalist fəaliyyətinə görə həbs edildiyini bildirir”, o qeyd edib.
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.
Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.
Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.
“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov isə ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.
Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.
Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.
Forum