Accessibility links

CPJ Azərbaycan hakimiyyətini həbs və səyahət qadağaları ilə jurnalistləri susdurmaq təcrübəsinə son qoymağa çağırıb


Tanınmış hüquqşünas, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli məhkəmədən çıxarılarkən
Tanınmış hüquqşünas, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli məhkəmədən çıxarılarkən

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini həbs və səyahət qadağaları ilə jurnalistləri susdurmaq təcrübəsinə son qoymağa, həbsdə olan jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanda son bir neçə müstəqil media orqanına qarşı repressiyaların davam etdiyini qeyd edən CPJ, son həftələrdə jurnalistlərin həbs müddətinin uzadılmasına, bunun Azərbaycanın Qərblə münasibətlərində geriləmə yaşandığı, ölkənin noyabrda COP29 iqlim konfransına hazırlaşdığı dönəmdə baş verməsinə diqqət çəkib.

“Azərbaycan həbsdən və səyahət qadağalarından jurnalistləri susdurmaq və qorxutmaq taktikası kimi istifadə etməyi dayandırmalıdır,” CPJ-in Nyu Yorkdakı proqram direktoru Karlos Martinez de la Serna deyib və əlavə edib ki, Azərbaycan hakimiyyət bütün ittihamları və səyahət qadağalarını ləğv etməli, hələ də həbsdə olanları dərhal azad etməlidir.

İyulun 9-da Bakı Şəhəri Xətai Rayon Məhkəməsi “Abzas Media” işi üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddətinin daha 2 ay 7 gün olmaqla sentyabrın 20-dək uzadılmasına qərar verib.

Xətai Rayon Məhkəməsi həmçinin 3 və 4 iyul tarixlərində müvafiq olaraq Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və jurnalisti Müşfiq Cabbar barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılmasına qərar verib.

Bununla yanaşı, iyun ayında Kanal 13 internet televiziyasının təsisçisi Əziz Orucov və jurnalist Şamo Eminovun, “Abzas Media” işi üzrə həbs edilən Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımovanın, həmçinin, meclis.info saytının təsisçisi İmran Əliyevin həbs müddəti uzadılıb.

Ötən həftələr ərzində jurnalistlərin həbs müddətinin uzadılması ilə bağlı verdikləri apellyasiya şikayətləri, habelə, ev dustaqlığına buraxılmaqla bağlı verdikləri vəsatətlər bir qayda olaraq təmin edilməyib.

Digər tərəfdən, iyulun 5-də Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilən arqument.az xəbər saytının rəhbəri Şəmşad Ağaya ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Azərbaycanda ötən ilin noyabrından başlayaraq çoxsaylı jurnalist və fəallar müxtəlif ittihamlarla həbs edilib, Abzas Media və Toplum TV kimi müstəqil media orqanlarının redaksiyaları bağlanıb.

Korrupsiya araşdırmaları ilə tanınan Abzas Media xəbər saytına qarşı təqiblər 2023-cü ilin noyabrında başlayıb. Saytın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də saxlanılıb. Həmin gün onun evində və Abzas Medianın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Həsənli ilə eyni gündə saytın direktor müavini Məhəmməd Kekalov, növbəti gün isə Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Daha sonra jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

“Abzas Media” işi üzrə ən son bu il mayın 30-da iqtisadçı Fərid Mehralızadə saxlanılıb.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Jurnalistlər ittihamları rədd edir və özlərini təqsirli bilmirlər. Abzas Media həbslərin “ölkə prezidentinin və onun təyin etdiyi məmurların korrupsiya cinayətləri ilə bağlı silsilə araşdırmalar”la bağlı olduğunu bildirib.

Abzas Media jurnalistləri ilə yanaşı ötən ilin son aylarında Kanal 13 internet televiziyasının təsisçisi Əziz Orucov və əməkdaşı Şamo Eminov, habelə Kanal 11 internet televiziyasının direktoru Teymur Kərimov, azerinfo.az xəbər saytının rəhbəri İbrahim Hümbətov və dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimov Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham edilərək həbs ediliblər.

Bu ilin martında isə Toplum TV-yə qarşı polis reydindən sonra internet televiziyasının təsisçisi Ələsgər Məmmədli və əməkdaşı Müşfiq Cabbar “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Media orqanının digər əməkdaşları da cinayət işinə cəlb edilib.

Bugünədək bir sıra beynəlxalq mətbuat azadlığı və insan hüquqları təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıblar.

Rəsmi Bakı Azərbaycanda fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığın “tam olaraq” təmin edildiyini vurğulayır.

Azərbaycan prezidenti İlham Əliyev aprel 27-də Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında qeyd edib ki, Azərbaycanda media azadlığı təmin edilir və jurnalistlərin həbsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.

“Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb”, İlham Əliyev deyib.

Azərbaycan Sərhədsiz Reportyorların (RSF) 2024-cü il mətbuat azadlığı indeksində 180 ölkə sırasında 164-cü yerdə qərar tutub.

Forum

XS
SM
MD
LG