Accessibility links

"Abzas Media" və "Toplum TV" işi üzrə həbsdə olan üç şəxsin apellyasiya şikayəti təmin edilməyib


İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi hakim Qədim Bababyevin sədrliyi ilə "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının və bu iş üzrə həbs edilən iqtisadçı Fərid Mehralızadənin ev dustaqlığına buraxılmaması ilə bağlı, "Toplum TV" işi üzrə İlkin Əmrahovun həbs müddətinin uzadılması barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətlərini təmin etməyib. Məhkəmə hər üç şəxsi həbsdə saxlayıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, iyulun 3-də Xətai Rayon Məhkəməsi vəsatəti təmin etməyib.

Vəkil qeyd edir ki, Sevinc Vaqifqızı özünü təqsirli bilmir, həbsinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

İlkin Əmrahovun vəkili Rövşanə Rəhimli Amerikanın Səsinə deyib ki, iyulun 3-də Xətai Rayon Məhkəməsi istintaq orqanın təqdimatı əsasənda İlkin Əmrahovun həbs müddətini oktyabrın 6-dək uzadıb.

Vəkillər məhkəmə qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi üzrə (Azadlıq və toxunulmazlıq hüququ) şikayət verəcəyini bildirib.

Azərbaycanda ötən ilin noyabrından başlayaraq çoxsaylı jurnalist və fəallar müxtəlif ittihamlarla həbs edilib. Abzas Media və Toplum TV kimi müstəqil media orqanlarının redaksiyaları, Demokratik Təsisatlar İnstitutu vətəndaş cəmiyyəti təşkilatının ofisi bağlanıb.

Çoxsaylı beynəlxalq mətbuat azadlığı və insan hüquqları təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri və fəalları dərhal azad etməyə, siyasi təqibləri dayandırmağa çağırıb.

Rəsmi Bakı Azərbaycanda fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Azərbaycan prezidenti İlham Əliyev aprel 27-də Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında qeyd edib ki, Azərbaycanda media azadlığı təmin edilir və jurnalistlərin həbsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.

“Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb”, İlham Əliyev deyib.

Forum

XS
SM
MD
LG