Accessibility links

Məhkəmə "Abzas Media işi" üzrə həbs olunanları ev dustaqlığına buraxmayıb


"Abzas Media"nın direktoru Ülvi Həsənli
"Abzas Media"nın direktoru Ülvi Həsənli

İyulun 3-də Xətai Rayon Məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Eləcə də "Abzas Media işi" üzrə həbs olunan iqtisadçı Fərid Mehralızadənin də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair məhkəmə prosesi keçirilib. Məhkəmə həmin iş üzrə həbs olunanların vəsatətlərini təmin etməyib və onları ev dustaqlığına buraxmaqdan imtina edib.

İqtisadçı Fərid Mehralızadə
İqtisadçı Fərid Mehralızadə

Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova deyib ki, artıq dördüncü dəfədir ev dustaqlığı ilə bağlı vəsatət verirlər, lakin məhkəmə onların vəsatətlərini təmin etmir.

"Ümidsiz vermişdik əslində və nəticə gözlənildiyi kimi oldu. Biz xahiş etdik ki, 7 aydır onlar həbsdədir və onlarla bağlı intensiv istintaq hərəkətləri aparılmır. Həbsdə saxlanılmaqlarına əsas yoxdur. Bu işi üzrə hamının ölkədən çıxışına qadağa qoyulub, ölkədən qaçmaqlarından narahatdırlarsa, onların da ölkədən çıxışına qadağa qoyula bilər", deyə, vəkil bildirib.

Jurnalist Sevinc Vaqifqızı
Jurnalist Sevinc Vaqifqızı

Vəkilin sözlərinə görə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlər şəraitdən narazıdırlar:

"Hava çox istidir, sərinkeşlə sərinlətməyə çalışsalar da, onun da gücü çatmır. Bütün bunları məhkəmənin diqqətinə çatdırdıq, çox təəssüf ki, məhkəmə həmişəki kimi nəzərə almadı".

Ülvi Həsənli məhkəmədə çıxışında bildirib ki, o, istintaqdan yayınmaq niyyətində deyil və məhkəmənin hər çağırışına gələcək. Jurnalist çıxışında deyib ki, əgər məhkəmədən yayınarsa, o zaman məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilmə məsələsinə baxa bilər.

Jurnalist Elnarə Qasımovanın vəkili Günay İsmayılovanın məlumatına görə, onlar məhkəmənin nəzərinə çatdırıblar ki, Qasımova istintaqın bütün çağırışlarına gedib və istintaqdan yayınmayıb, buna görə də onun həbs olunmasına əsas yoxdur.

Jurnalist Elnarə Qasımova
Jurnalist Elnarə Qasımova

"Elnarə özü də çıxış elədi və dedi ki, jurnalist fəaliyyətinə görə həbs olunub. Onu da əlavə etdi ki, onların həbsi vətəndaşların məlumat alma azadlığının pozulmasıdır. O bildirdi ki, məhkəmədən gözləntisi yoxdur, sadəcə bu bir prosedur olduğuna görə məhkəmədən vəsatətinin təmin olunmasını xahiş etdi. Bizim vəsatətimiz isə təmin olunmadı", deyə, vəkil qeyd edib.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG