Accessibility links

İmran Əliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadıldı


İmran Əliyev Xətai rayon məhkəməsindən aparılarkən
İmran Əliyev Xətai rayon məhkəməsindən aparılarkən

İyunun 13-də Xətai Rayon Məhkəməsində keçirilən prosesdə "Meclis.info" platformasının həbsdə olan rəhbəri İmran Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay 7 gün uzadılıb. Bu barədə onun vəkili Qanqa İbrahimov məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmədə istintaq orqanının həbs müddətinin uzadılması ilə bağlı təqdimatına baxılıb və təmin edilib.

İmran Əliyev Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Saytın rəhbəri aprelin 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb. Bu barədə onun özü məlumat verib.

"Haqqımda gedən sifarişli yazıdan sonra təhlükəsizlik üçün İstanbula bilet almışdım. Barəmdə yazılan xəbərlər uydurmadır. Saat 20:54-dür, pasportumu, həmçinin biletimi də alaraq məni saxlayıblar".

İmran Əliyev bildirib ki, o, Sərhəd Qoşunları tərəfindən saxlanılaraq "qara maskalı" şəxslərə təhvil verilib. Onun sözlərinə görə, saxlanılarkən ona qarşı zor tətbiq olunub.

Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü "Qafqazinfo" saytı ""Abzas Media" və "Toplum TV" işində yeni faktlar" adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilir.

İmran Əliyev bildirib ki, onun barəsində məqalə dərc olunub, həmin məqalədə o, qaçaqmalçılıqda ittiham olunub.

"Meclis.info" parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Forum

XS
SM
MD
LG