İyunun 25-də Səbail Rayon Məhkəməsi “Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun və onun əməkdaşı Şamo Eminovun həbs qətimkan tədbirini daha 3 ay uzadıb. Bu barədə məlumatı vəkil Fəxrəddin Mehdiyev verib.
“Müddət sentyabrın 27-dək uzadıldı. Qərar qanunsuz və əsassızdır. Həm hüquq müdafiəçiləri, həm Əziz Orucov bildirib ki, onun həbsi tamamilə qanunsuzdur və onun jurnalist fəaliyyəti ilə bağlıdır. Məsələ burasındadır ki, bu işdə nə həqiqi sübutlar var, nə də formal sübutlar var. Görünür bu səviyyədə işi Bakı Ağır Cinayətlər Məhkəməsinə çıxarmaq riskli hesab olunur,” vəkil bildirib.
Onun sözlərinə görə həmin maddə üzrə həbs qətimkan tədbirinin seçilməsi praktikası yoxdur.
Şamo Eminovun vəkili Elçin Sadıqov isə bildirib ki, 7 aydır istintaqın artırılması üçün eyni arqumentlər səsləndirilir.
“Məhkəmə isə eyni bəhanələrin irəli sürülməsini araşdırmır” deyə, vəkil əlavə edib.
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.
Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.
Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.
“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov isə ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.
Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.
Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.
Forum