Accessibility links

Jurnalistləri Müdafiəsi Komitəsi Azərbaycan hökumətini həbsdə olan jurnalistləri azad etməyə çağırır


Abzas Media
Abzas Media

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiəsi Komitəsi Azərbaycanda 11 jurnalistin ilkin həbs müddətinin uzadılmasını pisləyir və ölkə hakimiyyətini noyabrda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində onları azad etməyə çağırır.

"Azərbaycanda son tənqidçi KİV-dən 11 jurnalistin həbsinin davam etməsi göstərir ki, ölkənin ən cəsarətli jurnalistləri COP29 dövründə korrupsiya və insan hüquqlarının pozulması barədə danışa bilməyəcəklər", Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

"Azərbaycanın beynəlxalq tərəfdaşları bütün ittihamların ləğv edilməsi və həbsdə olan jurnalistlərin azad edilməsi üçün çağırışları artırmaq üçün konfransa diqqət yetirməlidirlər", o əlavə edib.

Sözügedən jurnalistlər dörd müstəqil xəbər resursundan 13 KİV işçisi arasındadır. Onlar 2023-cü ilin noyabrından valyuta qaçaqmalçılığı ittihamı ilə həbsdədirlər. Söhbət Qərb donorları tərəfindən maliyyələşdirmədən gedir.

Komitə “Abzas Media işi” üzrə həbs olunmuş Ülvi Həsənli, Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova, Məhəmməd Kekalov və Hafiz Babalının, “Toplum TV işi” üzrə Ələsgər Məmmədli və Müşfiq Cabbarın, “Kanal-13 işi” üzrə Əziz Orucov və Şamo Eminovun, həmçinin Meclis.info saytının rəhbəri İmran Əliyevin adlarını sadalayıb.

“Toplum TV”nin jurnalistləri Fərid İsmayılov və Elmir Abbasovdan isə ölkədən çıxmamaq barədə iltizam alınıb.

Avqust ayında hakimiyyət “Abzas Media”nın altı jurnalistinə qarşı yeddi yeni ittiham irəli sürərək, mümkün maksimum həbs müddətini 12 ilə qədər artırıb. Qalanlarını 8 ilə qədər həbs təhlükəsi gözləyir.

Komitə Azərbaycanda həbsdə olan jurnalistlərin COP29 ərəfəsində azad edilməsinə çağıran iyirmidən çox təşkilata qoşulub, bəyanatda deyilir.

Öz növbəsində rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edir. Dövlət rəhbərləri ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və fikirlərinə görə təqib edilmədiyini bildirir.

Forum

XS
SM
MD
LG