Accessibility links

Norveç İnsan Hüquqları Evi Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların artdığını bildirir


Norveç İnsan Hüquqları Evləri Fondu
Norveç İnsan Hüquqları Evləri Fondu

Norveç İnsan Hüquqları Evi Fondu (HRHF) Varşava İnsan Ölçüsü Konfransında səsləndirdiyi bəyanatında Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqin artmasını pisləyb, hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbsini davam edən repressiyaların açıq-aşkar nümunəsi adlandırıb.

Paneldə çıxış edən HRHF nümayəndəsi Deyv Elseroud ölkədə müstəqil səslərlə bağlı vəziyyətin pisləşdiyini qeyd edib.

“Azərbaycan tənqidi səslərin boğulması üzrə uzunmüddətli və yaxşı sənədləşdirilmiş tarixə malikdir”, Elseroud bildirib.

O qeyd edib ki, son bir il ərzində hakimiyyət repressiyaları gücləndirib, qalan müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına və mediaya qarşı sərt cinayət ittihamları irəli sürüb.

Elseroud Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri və Human Rights House Azerbaijan-ın üzvü Anar Məmmədlinin həbsini xüsusi qeyd edib.

Elseroudun sözlərinə görə, Anar Məmmədlinin saxlanılması Vyanada İnsan Ölçüsü üzrə görüşdə iştirakından və Azərbaycanda seçkiləri və insan hüquqlarının pozulmasını açıq şəkildə pisləməsindən sonra baş verib.

“Anarın saxlanılması və həbsdə qalması təcrid edilmiş şəkildə baş vermir”, Elseroad əlavə edib.

O həmçinin əlavə edib ki, 2023-cü ildən etibarən Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərinə, vəkillərə, müstəqil jurnalistlərə, müxalif siyasətçilərə, vətəndaş cəmiyyəti fəallarına və alimlərə qarşı repressiyaları gücləndirib.

Elseroud xəbərdarlıq edib ki, bu genişmiqyaslı repressiyalar, xüsusən COP29 və DTİHB-nin seçkiləri müşahidə missiyası tərəfindən rəqabətlilik və demokratik standartların olmaması ilə əlaqədar tənqidə məruz qalan növbədənkənar prezident və parlament seçkiləri ərəfəsində fərqli düşüncənin bütün formalarının və qanuni hüquq-müdafiə işinin aradan qaldırılması təhlükəsi yaradır.

HRHF nümayəndəsi Avropa İttifaqı və ABŞ rəsmilərinin həmin gün səsləndirdiyi bəyanatları da təsdiq edərək, onları Azərbaycanda insan hüquqları sahəsində vəziyyətə göstərdikləri diqqətə görə alqışlayıb.

O, iştirakçı dövlətləri Azərbaycanın İnsan Ölçüsü Konfransında iştirakının dəyərini nəzərdən keçirməyə çağırıb və COP29-dan əvvəl repressiv tədbirlərin aradan qaldırılması məqsədilə Azərbaycan hakimiyyətinə təzyiq göstərmək üçün addımlar atmağı tələb edib.

Fondun bəyanatında Azərbaycanda insan hüquqları sahəsində vəziyyət və ölkədə vətəndaş cəmiyyəti üçün məkanın daralması ilə bağlı beynəlxalq narahatlığın artdığı vurğulanır.

Bu deyilənlərə rəsmi Bakı hələlik cavab verməyib.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Hüquq-müdafiə təşkilatları ölkədə 319 nəfəri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbus kimi tanınan şəxslərin 18 nəfəri jurnalistlər və blogerlər, 3 nəfəri hüquq müdafiəçiləri, 30 nəfəri müxalif partiya və ictimai təşkilatların üzvləridir.

ABŞ Dövlət katibi Antoni Bilinken Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Buna cavab olaraq Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

Forum

XS
SM
MD
LG