Accessibility links

Avropa Şurası Nazirlər Komitəsinin sədri rəsmi Bakını öhdəliklərini yerinə yetirməyə və AŞPA ilə dialoqa çağırıb


Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Qabrielius Landsberqis
Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Qabrielius Landsberqis

“Azərbaycan bütün üzv dövlətlər kimi təşkilatın tamhüquqlu üzvüdür və Avropa Şurasının standartlarına əməl etmək öhdəliyinə malikdir”.

Bu barədə Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışı zamanı bildirib.

O, Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyə səs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycana girişinə qoyulan qadağanı “qəbuledilməz” adlandırıb.

“Mən Azərbaycan hakimiyyətini bu qərarı ləğv etməyə, Avropa Şurasının bütün təsisatları ilə düzgün qarşılıqlı fəaliyyəti və əməkdaşlığı davam etdirməyə, Azərbaycan nümayəndə heyətinin gələcək səlahiyyətlərilə bağlı Avropa Şurası Parlament Assambleyası rəhbərliyilə məsləhətləşmələrə dərhal qayıtmağa çağırıram”, Landsbergis bildirib.

O 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətlərindən məhrum edilməsinə toxunaraq “cari məsələlərin həlli üçün Avropa Şurası Parlament Assambleyası və Azərbaycan arasında açıq və inklüziv dialoqun” vacibliyini vurğulayıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub.

AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.

AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, o cümlədən jurnalist və fəalların əsassız həbsləri, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi, o cümlədən fevral ayında baş tutan prezident seçkilərinə qurumun dəvət edilməməsi ilə əlaqələndirib.

Bununla yanaşı, iyulun 3-də Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) Azərbaycanın bu qurumla əməkdaşlıq etməməsi, Azərbaycan hökumətinə, xüsusən də Daxili İşlər Nazirliyinə verilən tövsiyələrin uzun illərdir icra edilməməsi ilə bağlı bəyanat yayıb.

Avqustun 25-də isə Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

Forum

XS
SM
MD
LG