Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda fundamental və sosial hüquqlar sahəsindəki durumdan danışıb.
Amerikanın Səsi: Azərbaycan hökuməti ölkədə fundamental hüquqların tam yerinə yetirildiyini bildirir? Siz necə hesab edirsiniz, hökumtin bəyanatları reallığı əks etdirirmi?
Bəşir Süleymanlı: Əslində bunun göstəriciləri ortalıqdadır. Təkcə bəyanatlardan ibarət deyil. Bəyanatlara fikir verməməliyik. Reallıqda necədir ona baxmalıyıq. Artıq 10 ilə yaxındır ki, birləşmək azadlığı ilə bağlı problem var. QHT-lərin fəaliyyətinə məhdudiyyətlər qoyulub. Son dövrlərdə ümumiyyətlə praktiki olaraq siyasi həbslər, vətəndaş cəmiyyətinə olan basqılar, mediaya olan basqılar, həbslər göstərir ki, bu belə deyil. O cümlədən, “Media haqqında” qanunun dəyişdirilməsi, Azərbaycanın AŞPA ilə arasında yaranmış böhran göstərir ki, bəyanat heç də reallığı tam əks elətdirmir. İnsan haqları ilə bağlı ciddi problemlər qalmaqdadır.
Amerikanın Səsi: Bu il ölkədə iki seçki keçirilib. İnsanların siyasi hüquqlarının təminatı necədir?
Bəşir Süleymanlı: Uzun illərdir ki, Azərbaycanda seçkilər ciddi pozuntularla həyata keçirilir. Bu il də xüsusi olaraq iki növbədənkənar seçki keçirildi. Təəssüflər olsun ki, hər iki seçkidə ciddi pozuntular müşahidə olundu. Bu, prezident seçkilərində yerli müşahidə təşkilatlarının hesabatlarında da öz əksini tapıb. Təəssüflər olsun ki, həmin müşahidə qruplarının rəhbərliyi həbsə məruz qaldı. Bu özü də ciddi pozuntudır. İnsan haqlarının pozuntusunun göstəricisidir. O cümlədən, seçkiyə hesablanmış bir proses idi. Bu seçkilərdə də total müşahidə aparmaq mümkün olmadı, amma pozuntular kifayət qədər media, sosial şəbəkələr vasitəsilə yayıldı. Bu da özlüyündə göstərdi ki, seçkilər heç də qanunvericiliyə uyğun keçirilməyib.
Amerikanın Səsi: Hüquq müdafiəçiləri ölkədə 300-dən çox insanı siyasi məhbus kimi tanıyıb. 20-dən çox jurnalistin həbsdə olduğu bildirilir. Hökumət isə insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir. Siz bu sahədə ümumi durumu necə qiymətləndirərdiniz?
Bəşir Süleymanlı: Ümumi durum yaxşı deyil. Ümumiyyətlə bizim yanaşmamız belədir ki, onlar siyasi baxışlarına, fikirlərinə görə hansısa təqiblərə, təzyiqlərə məruz qalmamalıdır. Burada rəqəmlər önəmli deyil. Burada hakimiyyətin insanlara, vətəndaşlara yanaşmasıdır. Bu yanaşma aradan qaldırılmalıdır. İnsanlar siyasi baxışlarına görə, fundamental konstitusion hüquqlarına görə hansısa saxta ittihamlarla təqiblərə məruz qalmamalıdır. Daha detallı araşdırsaq fundamental azadlıqlara, xüsusən ifadə azadlığına görə həbsə məruz qalan vətəndaşların sayını dəqiq görmüş olarıq.
Amerikanın Səsi: İnsanların sosial hüquqlarının təminatı necədir? Hökumətin insanların sosial təminatları sahəsində qərarları vətəndaşların firəvan yaşamasını təmin edə bilirmi?
Bəşir Süleymanlı: Əvvəllər bəzi cəhdlər olmuşdu. Məsələn, müəyəyn liberal addımlar atılırdı. Amma bunlar yetərli olmadı. Xüsusən də Qarabağ müharibəsi veteranları ilə bağlı problemləri görürük. Müavinətlərin azlığı, həm əlilliyin təyin olunması zamanı ayrıseçkilik və korrupsiya hallarının olması və s. uşaq pulu məsələsi də ciddi problem olaraq qalır. Uzun müddətdir bu məsələ ölkədə qaldırılır və hökümət heç bir ciddi addımlar atmaq istəmir. Bu, insanların sosial problemlərinin, xüsusilə bahalaşma dövründə ağırlaşmasına gətirib çıxarır. Atılan addımlar gedən proseslərə adekvat deyil. Bu da ümumilikdə belə bir təsəvvür yaradır ki, insanların sosial durumu getdikcə ağırlaşır. Bu da sosial problemlərə təsir edir. Təəssüflər olsun ki, mən hökümətin bu sahədə aydın proqramını görmürəm.
Amerikanın Səsi: Azərbaycan insan hüquqları sahəsində fəaliyyət planları qəbul edib və çoxsaylı beynəlxalq öhdəliklər götürüb. Hökumət öz qəbul etdiyi sənədləri və beynəlxalq öhdəliklərini yerinə yetirirmi?
Bəşir Süleymanlı: Əfsuslar olsun ki, bu sahədə də ciddi problemlər qalmaqdadır. Müəyyən zamanlarda beynəlxalq əməkdaşlıq çərçivəsində insan hüquqlarının qorunması ilə bağlı proqramlar qəbul olundu. Amma praktiki olaraq onların icrası ilə bağlı ciddi problemlər var. Bu problemlər də hər sahədə özünü göstərir, əvvəl sadaladığım istiqamətlərin heç birində problemlərin aradan qaldırılması istiqamətində ciddi addım atılmır. Xüsusən də, azad media, vətəndaş cəmiyyəti, toplaşma, birləşmək azadlığı, - bu istiqamətdə qanunvericilik belə liberallaşdırılmayıb. Ölkədə faktiki olaraq 10 ildir QHT-lərin fəaliyyəti məhdudlaşdırılıb. Onlar qanuni fəaliyyət göstərə bilmir. Əslində bu sənədlər də formal olaraq qalır. Həm yerli, həm də beynəlxalq çağırışlara, öhdəliklərə riayət olunmur. Hələlik bu sahədə problemlər də qalmaqdadır.
Qeyd: Azərbaycan rəsmiləri və Mərkəzi Seçki Komissiyası seçklilərin azad və demokratik mühitdə keçirildiyini bildirib.
MSK sədri Məzahir Pənahov yeni çağırış Milli Məclisin sentyabrın 30-da keçirlən iclasında deyib ki, namizədlərin qeydiyyatı, təşviqat kampaniyası ilə bağlı bütün addımlar atılıb, lazımi şərait yaradılıb.
"Səsvermə günü heç bir beynəlxalq müşahidəçidən MSK-ya hər hansı pozuntu ilə əlaqədar müraciət daxil olmayıb", o qeyd edib.
Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin bəyanatında deyilir ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə baş tutub.
Sosial hüquqlara gəlincə, hökumət bu sahədə ciddi islahatlar aparıldığını bəyan edir. Hökumətin proqnozlarına görə, 2024-cü ilin sonunda orta aylıq əməkhaqqı 980 manata, 2025-ci ildə 1038 manata, 2026-cı ildə 1096 manata, 2027-ci ildə isə 1153 manata çatacaq.
Forum