Accessibility links

Qubad İbadoğlu: Mənə qarşı qanunsuzluqlar davam edir


Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra (22 aprel 2024-cü il)
Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra (22 aprel 2024-cü il)

İqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində barəsində qaldırılmış cinayət işinin istintaqından, səhhətindəki problemlərdən, ölkədən xaricə buraxılmamasından danışıb.

Qubad İbadoğlu: Mənə qarşı qanunsuzluqlar davam edir
please wait

No media source currently available

0:00 0:07:40 0:00

Amerikanın Səsi: Sizinlə bağlı cinayət işinin istintaqı avqustun 20-də başa çatıb. Hazırda cinayət işinin istintaqı davam etdirilir?

Qubad İbadoğlu: Cinayət işinin istintaqı qeyri-müəyyən müddətə dayandırılıb. Daha doğrusu, istintaq qrupu bu qərarı iyulun 29-da verib. O qərar barədə bizi yalnız şifahi məlumatlandırıblar. Bu qərar barədə indiyədək yazılı hər hansı sənəd əldə edə bilməmişik. Baxmayaraq ki, vəkillərim bununla bağlı həm Daxili İşlər Nazirliyinə, həm də Respublika Prokurorluğuna müraciət ediblər. İstintaqın qeyri-müəyyən müddətə dayandırılmasının səbəbini öyrənmək istəyirik. İstintaqın hansı səbəbdən bu qərara gəlməsi barədə təəssüflər olsun ki, əlimizdə heç bir sənəd yoxdur. Sadəcə istintaqın iyulun 29-dan qeyri-müəyyən müdətə danayandırılması barədə məlumatımız var.

Amerikanın Səsi: Bəs, hazırda hüquqi durumunuz necədir. İstintaq yoxdur. Polisin nəzarətinə verilməyinizlə bağlı qərar verilib. Ölkədən çıxışınıza qadağanın götürülməsi ilə bağlı çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ konqresmenləri, senatorları Azərbaycan rəhbərlərinə müraciət edib. Ölkədən çıxışınızla bağlı vəziyyət nə yerdədir?

Hesab edirəm ki, siyasi məhbuslar və jurnalistlər haqq etdiyi azadlığa qovuşmalıdır. Bu, indiki hakimiyyətin indiki situasiyada edə biləcəyi ən vacib işlərdən biridir.

Qubad İbaroğlu: Doğrudur, müraciətlər çoxdur və getdikcə də artır. Çünki ölkədə hazırda demək olar ki, mən heç bir hüquqi müdafiəyə malik deyiləm. İndiyədək olan məhkəmələrdə də bunu dəfələrlə müşahidə etdik. Hazırda hər həftədə iki dəfə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə qeydiyyat üçün gedirəm. Bu, bu günədək davam edir və bu gün də Sumqayıt Şəhər Polis İdarəsində olmuşam. Ömründə polis idarəsinə getməyən bir şəxs demək olar ki, həftədə müntəzəm olaraq iki dəfə polisə gedirəm, belə demək doğru olar ki, gedib orada imzamla təsdiq edirəm, sübut edirəm ki, mən buradayam. Artıq universitetlərdə dərslər başlayıb və mən də hər il bu vaxt öz işimlə əlaqədar universitetdəki fəaliyyətimə başlayırdım. Təəssüflər olsun ki, bu il universitetə getmək əvəzinə polis bölməsinə gedirəm.

Mənimlə bağlı ölkədən çıxış qadağası qüvvədədir. Bununla əlaqədar dörd dəfə məhkəmə olub. İki dəfə birinci instansiya məhkəməsi (Nərimanov Rayon Məhkəməsi), iki dəfə də apellyasiya məhkəməsi olub, lakin ölkədən çıxışıma qoyulmuş qadağanın götürülməsi barədə müraciətim təmin edilməyib. Hazırda məhkəmələr vasitəsi ilə bu problemi həll etmək imkanında deyilik. Çünki məhkəmə ümumiyyətlə demək olar ki, yoxdur. Orada heç bir əsaslı izahat vermirlər, nədən, hansı əsaslarla qadağa qüvvədədir? Bildiyiniz kimi, mənim ölkədən çıxmağım yalnız elmi-pedoqoji fəaliyyətimlə bağlı deyil, həm də səhhətimlə əlaqədardır. Təəssüflər olsun ki, səhhətimdə daha ciddi problemlər yaranıb. O problemlər getdikcə daha da sərtləşir. Bu baxımdam da xaricə gedib normal müayinə, müalicə və ehtiyac yaransa cərrahi əməliyyat olunmalıyam. Bunları nəzərə alaraq məhkəməyə müraciət etdik ki, tibbi məqsədlərlə (sənədlər də təqdim etdik) qısa müddətə də olsa ölkədən çıxıb müalicə və zərurət yaranarsa əməliyyata ehtiyacımı qarşılayıb geri dönə bilərəm. Amma təəssüflər olsun ki, Azərbaycan məhkəmələri bizim bu müraciətimizi təmin etmədi. Əlavə olaraq mən ev dustaqlığından polis nəzarətinə keçirildikdən sonra həyat yoldaşımın adına olan mülkiyyətə həbs qoyulub. Bununla əlaqədar olaraq da məhkəməyə müraciət etmişik. Həyat yoldaşımın adına olan əmlaka həbs qoyulması nə məntiqə, nə də hüquqa uyğun deyil. Çünki mənim işimdə də belə hallar nəzərdə tutulmayıb. Təəssüflər olsun ki, bu istiqamətdə də qanunsuzluqlar davam edir.

Amerikanın Səsi: Mətbuatın məlumatına görə, sizin və ailə üzvlərinizin bank hesablarına həbs qoyulub. Hazırda dolanışıq səviyyəniz necədir, həyatınızın davam etməsini hansı mənbələrdən təmin edirsiniz?

Qubad İbadoğlu: Əslində heç bir maliyyə mənbəyi yoxdur. Çünki əmək fəaliyyətim yoxdur. İndiki anda belə desəm, daha doğru olar. Anamın pensiaysı və ailə üzvlərimin dəstəyi ilə maliyyə ehtiyaclarımı ödəyirəm. Elə böyük maliyyə ehtiyaclarım da yoxdur. Ən çox pul aparan tibbi xərclərdir. Demək olar ki, bütün tərəflərdən maliyyə blokadasındayam. Çünki əmək fəaliyyətinə başlaya bilmirəm, faktiki bu gün ailəmin də maliyyə ehtiyacları mənim üzərimdədir. Övladlarım təhsil alır. Mən həbsdə olanda onların da müəyyən xərcləri yaranıb, onların da ödənilməsi istiqamətində əlavə vəsait mənbələrinə ehtiyac var. Əslində ailəmizin adına olan mənzilin satılmasını nəzərdə tuturduq. Amma onun üzərində məhkəmə qərarı olmadan qeyri-qanuni qadağanın tətbiq olunması hal-hazırda bizi belə imkanlardan da məhrum edib. Hazırda övladlarımın belə maliyyə xərclərini qarşılamaq imkanlarım demək olar ki, məhduddur.

Amerikanın Səsi: Digər bir sual. Sizin cinayət işi üzrə həbs edilmiş Fazil Qasımovun cinayət işi ayrı icraata ayrılıb. O, artıq yüz günə yaxındır aclıq edir. Buna münasibətiniz necədir?

Qubad İbadoğlu: Mən Fazilə dəfələrlə müraciət etmişəm ki, aclığı dayandırsın. Əvvəlcə mən bunu bir neçə ay öncə onun vəkili Rövşanə Rəhimli vasitəsi ilə çatdırdım. Sonradan məlumat aldım ki, mən onunla görüşüb müraciət etsəm aclığı dayandıracaq. Bununla bağlı rəsmi qurumlara müraciət etdim. Bu, mümkün olmadıqda qərara gəldik ki, məktub göndərim. Mən Fazilə məktub yazdım. Bir daha buradan müraciət edirəm: Fazil Qasımov, aclığı dayandırmağınızı xahiş edirəm. Hazırda onun məhkəmə prosesi gedir. Bu məhkəmə prosesində onun indiki durumla hər hansı mübarizə aparması mümkün deyil. Bu baxımdan da onun sağlam olması və öz hüquqlarını müdafiə etməsi istiqamətində fəaliyyət gösətməsi çox önəmlidir.

Amerikanın Səsi: Hazırda Sizin Azərbaycan ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə bir müraciətiniz var?

Qubad İbadoğlu: Ancaq təşəkkür edə bilərəm. Mənim yerli və beynəlxalq səviyyədə müdafiəmlə bağlı aparılan işlərdən bir narazılığım yoxdur. Hüquqi hakimiyyyət, məhkəmələrin müstəqilliyi, qanunun aliliyi təmin olunarsa yəqin ki, nə yerli, nə də beynəlxalq səviyyədə mənim işim ilə bağlı bu qədər naratçılıq keçirilməzdi. Hamı bilir ki, ölkədə ədalətli mühakimə və məhkəmə hakimiyyəti yoxdur. Hər kəs bilir ki, mənim işim saxta işdir. Qanunsuz olaraq 275 gün həbsxanada saxlanılmışam və hazırda da mənə qarşı qanunsuzluqlar davam etdirilir. Hesab edirəm ki, ictimaiyyət bu məsələləri diqqətdə saxlamalıdır, necə ki saxlayır. İctimaiyyətin dəstəyini də yüksək dəyərləndirirəm və hər kəsə təşəkkür edirəm.

Amerikanın Səsi: Bəs Azərbyacan hökumətinə necə, rəsmi Bakıya bir müraciətiniz, sözünüz var?

Qubad İbadoğlu: Rəsmi Bakıya müraciətim ondan ibarətdir ki, ölkədə siyasi məhbusların sayı durmadan artır. Bu repressiyalar dayandırılsın. Eyni zamanda azadlıq haqqı olan bütün siyasi məhbuslar azad olunsun. Hesab edirəm ki, siyasi məhbuslar və jurnalistlər haqq etdiyi azadlığa qovuşmalıdır. Bu indiki hakimiyyətin indiki situasiyada edə biləcəyi ən vacib işlərdən biridir. Bu baxımdan mən də çağırış edirəm, eyni zamanda yerli və beynəlxalq təşkilatların Azərbaycanda siyasi məhbusların azad edilməsi barədə çağırışına qoşuluram və repressiyaların dayandırlmasını tələb edirəm.

Qeyd: Bu, Qubad İbadoğlunun fikirləridir. Rəsmi Bakı insanların iradəsinə görə təqib edilmədiyini və ölkədə siyasi iradəsinə görə insanların həbsdə olmadığını bildirir.

Bununla yanaşı yerli hüquq müdafiəçiləri artıq 303 nəfər şəxsi siyasi məhbus kmi tanıyıb.

ATƏT-in sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə missiyasının ilkin bəyanatında deyilir ki, KİV-lərə qarşı davam edən məhdudiyyətlər və qeyri-hökumət təşkilatlarına təzyiqlərin artması, o cümlədən əsassız həbslər kimi həyəcanverici tendensiyalar siyasi diskursları qəti şəkildə boğub.

“Əsaslı islahatlar və dəyişiklik olmasa, bu məsələlər ölkədə demokratiya və qanunun aliliyinə xələl gətirməkdə davam edəcək”, sənəddə qeyd edilib.

Forum

XS
SM
MD
LG