Accessibility links

AŞPA Prezidenti: Rəsmi Bakının addımı yalnız əks nəticə verə bilər


Teodoros Russopulos, AŞPA prezidenti
Teodoros Russopulos, AŞPA prezidenti

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulos rəsmi Bakının bir sıra AŞPA üzvlərini “arzuolunmaz şəxs” elan etməsinə münasibət bildirib. Russopulos bu addımın yalnız əks nəticə verə biləciyini deyib.

“Bu, Azərbaycanın Avropa Şurasındakı hazırkı mövqeyini daha da çətinləşdirən təəssüf doğurucu siqnaldır. Üzv dövlətlər demokratiya standartlarına hörmətlə bağlı öhdəlik götürüblər. Vicdanına uyğun olaraq səs verənlərin qara siyahıya salınması yalnız əks nəticə verə bilər”, Russopulos qeyd edib.

Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA-nın yanvar ayındakı sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

“AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək”, Nazirliyin mətbuat katibi Ayxan Hacızadə Almaniya Parlamentinin üzvü Frank Şvabenin Azadlıq radiosuna tənqidi müsahibəsinə münasibət bildirərkən deyib.

Almaniyanın AŞPA-dakı deputatlarından olan Frank Şvabe avqustun 23-də dərc olunan müsahibəsində Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib.

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə əlavə edib ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri də daxil olmaqla Azərbaycana verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycanın nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir.

“Bir diktatoru diktator adlandırmağa görə arzuolunmaz şəxs elan edilmək şərəfdir”, Frank Şvabe rəsmi Bakının onu və digər deputatları “personae non grata” elan etməsinə münasibət bildirərkən deyib.

Almaniyalı deputat qeyd edib ki, “Azərbaycanda insan haqlarını, demokratiyanı müdafiə edən, korrupsiyaya qarşı çıxan deputatların başına gələnlər budur, ancaq ölkəni tərifləyən, insan hüquqları cinayətlərini ört-basdır edənlər bol-bol mükafatlandırılırlar”.

“Bu baxımdan, təəssüf ki, başqa heç nə gözləmək olmazdı. Amma bu, Azərbaycan xalqı üçün olduqca pisdir. Yüzlərlə, minlərlə insan əzilir, həbs edilir, işgəncələrə məruz qalır. Diktator İlham Əliyev tərəfindən əzilən bütöv bir xalq. Xüsusilə, Ümumdünya İqlim Konfransı ərəfəsində əsas tələb aydındır. Siyasi məhbuslar, o cümlədən Anar Məmmədli və Qubad İbadoğlu dərhal azad edilməlidir”, Şvabe vurğulayıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub.

AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.

AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, o cümlədən jurnalist və fəalların əsassız həbsləri, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi, o cümlədən fevral ayında baş tutan prezident seçkilərinə qurumun dəvət edilməməsi ilə əlaqələndirib.

Forum

XS
SM
MD
LG