Accessibility links

AŞPA Prezidenti Azərbaycanın işgəncələr əleyhinə komitə ilə əməkdaşlığı dayandırmasından narahatlıq ifadə edib


Teodoros Russopulos, AŞPA prezidenti
Teodoros Russopulos, AŞPA prezidenti

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulos Azərbaycanın Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlı təəssüfünü ifadə edib və Azərbaycan hakimiyyətini qurumla əlaqəni bərpa etməyə çağırıb.

Russopulos həmçinin CPT-nin Azərbaycana 2022-ci ildə xüsusi səfəri ilə bağlı hazırladığı hesabatın nəticələri barədə narahatlıq ifadə edib.

Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin demokratik cəmiyyətlərin ən fundamental dəyərlərindən birini təsbit etdiyini deyən AŞPA prezidenti, işgəncənin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsinin mütləq olduğunu, bununla bağlı geri addıma heç vaxt yol verilməməli olduğunu vurğulayıb.

“Mən Azərbaycan hakimiyyətini öz qərarlarına yenidən baxmağa və CPT ilə əməkdaşlığı və konstruktiv dialoqu dərhal bərpa etməyə çağırıram. Bu, təkcə Avropa Şurası ilə ümumi münasibətlərin yaxşılaşmasına kömək etməyəcək, həm də Azərbaycan vətəndaşlarının fundamental maraqlarına xidmət edəcək”, AŞPA Prezidenti iyulun 3-də yaydığı bəyanatında qeyd edib.

CPT bu gün Azərbaycanın qurumla əməkdaşlıq etməməsi ilə bağlı bəyanat və 2022-ci ildə Azərbaycana həyata keçirdiyi səfərin yekunlarına dair hesabatını yayıb.

Bəyanatda qeyd edilir ki, Komitə 2022-ci ildə Azərbaycana son səfəri zamanı Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrdə saxlanılan şəxslərə qarşı pis rəftarla bağlı əsaslı tövsiyələrin heç birinin praktiki olaraq uzun illərdir yerinə yetirilmədiyini, pis rəftar və işgəncə hallarının davam etdiyini ortaya çıxarıb.

CPT məsələ ilə bağlı xüsusi prosedur başlatsa da, Azərbaycan bu ilin yanvar ayından qurumla bütün təmasları dayandırıb, görüş və səfərləri təxirə salıb.

Teodoros Russopulos AŞPA-nın bütün həll edilməmiş məsələlərin həlli üçün Azərbaycan parlamenti və hökuməti ilə dialoqu davam etdirməyə tam sadiq olduğunu bildirib.

“Mən qəti şəkildə inanıram ki, Avropa Şurasının bütün orqanları ilə sıx və səmərəli əməkdaşlıq etmək və üzv dövlətlərimizdən biri kimi bu əməkdaşlıqdan bəhrələnmək Azərbaycanın və onun xalqının maraqlarına uyğundur”, Russopulos qeyd edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub. AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.

AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, o cümlədən jurnalist və fəalların əsassız həbsləri, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.

Yanvar ayında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi üçün məsələ qaldıran almaniyalı deputat Frank Şvabe Azərbaycanın CPT ilə əməkdaşlığı dayandırmasının növbəti pozuntu olduğunu deyib.

“Azərbaycanın Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin ölkəyə çıxışını qadağan etmək qərarı Avropa Şurasının dəqiq müəyyən edilmiş qaydalarının növbəti ciddi pozuntusudur. Azərbaycan nəinki özbaşına həbs edir, həm də siyasi məhbuslarla Avropa Şurası standartlarına uyğun davranmır”, Şvabe qeyd edib.

Rəsmi Bakı məsələ ilə bağlı hələlik hər hansı reaksiya verməyib. Bununla yanaşı, Azərbaycan Daxili İşlər Nazirliyi CPT-nin bəyanatı və hesabatı ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Forum

XS
SM
MD
LG