Accessibility links

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanın qurumla əməkdaşlıq etməməsi ilə bağlı bəyanat yayıb


Avropa Şurası
Avropa Şurası

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) Azərbaycanın bu qurumla əməkdaşlıq etməməsi, Azərbaycan hökumətinə, xüsusən də Daxili İşlər Nazirliyinə verilən tövsiyələrin uzun illərdir icra edilməməsi ilə bağlı bəyanat yayıb.

“Təəssüf ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncə və pis rəftar halları davam etməkdədir”, Komitənin icraçı katibi Hyu Çetvind bildirib və əlavə edib ki, 20 ildən artıqdır Azərbaycan hakimiyyəti Komitənin tövsiyələrini icra etmir.

Bəyanatda qeyd edilir ki, Komitə 2022-ci ildə Azərbaycana son səfəri zamanı Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrdə saxlanılan şəxslərə qarşı pis rəftarla bağlı əsaslı tövsiyələrin heç birinin praktiki olaraq uzun illərdir yerinə yetirilmədiyini, pis rəftar və işgəncə hallarının davam etdiyini ortaya çıxarıb.

Məlumata görə, bundan sonra Komitə “bu acınacaqlı vəziyyət”lə bağlı yüksək səviyyəli intensiv görüşlər və səfərləri nəzərdə tutan xüsusi prosedur başladıb.

Azərbaycan hakimiyyəti görüşlərin keçirilməsinə ilkin olaraq müsbət cavab versə də, bu ilin yanvar ayında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsindən sonra görüşləri təxirə salıb və bütün təmasları dayandırıb.

Komitə qeyd edir ki, AŞPA-nın sözügedən qərarı Azərbaycanın CPT ilə əməkdaşlığına və İşgəncə əleyhinə Avropa Konvensiyası üzrə öhdəliklərinə dəyişiklik kimi qəbul edilə bilməz.

“Azərbaycan hakimiyyətinin Komitə prezidentinin məktublarına cavab verməməklə Komitə ilə əməkdaşlıqdan qəti şəkildə imtina etməsi Konvensiyanın əsaslı və misli görünməmiş pozuntusudur”, bəyanatda vurğulanır.

Komitə həmçinin qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncə və digər fiziki pis rəftara son qoymaq üçün tədbirlər görməkdən imtina etməklə Azərbaycan hakimiyyəti pis rəftara, o cümlədən işgəncə aktlarına yol verildiyi mesajını verir.

“Qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının müdafiəsinə sadiq olan Avropa Şurasına üzv dövlət üçün bu, tamamilə qəbuledilməzdir”, Komitə qeyd edir və Konvensiya qarşısındakı öhdəliyini ciddi şəkildə pozmasına baxmayaraq, Azərbaycan hakimiyyətinin konstruktiv dialoqu bərpa etməyə hazır olacağına ümid etdiyini bildirir.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, Azərbaycan hüquq- mühafizə orqanlarında fiziki və psixi zorakılıq, işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış iş metodudur.

Rüfət Səfərov, hüquq müdafiəçisi
Rüfət Səfərov, hüquq müdafiəçisi

“Elə bir dövrə gəlmişik ki, artıq dövlət hakimiyyəti orqanları hüqüqla bir araya sığmayan bu kimi zorakılıqları açıq, bəzi hallarda isə nümayişkəranə surətdə həyata keçirirlər. Rəsmi Bakı Avropanın mötəbər siyasi və hüquqi mexanizmlərindən kənarda olduğunu, Orta Asiya, Ərəb Liqası, Türk Dövlətləri Birliyinin siyasi standartlarına uyğunlaşdığını açıq surətdə ifadə edib”, Səfərov deyib.

Hüquq müdafiəçisi əlavə edib ki, xüsusilə, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dan uzaqlaşdırılmasından sonra Avropa Şurasının və onun ayrı-ayrı strukturlarının insan hüquq və azadlıqları sahəsindəki tələbləri və hesabatları YAP hökuməti üçün tamamilə arxa plana keçib.

“Hazırkı ağır siyasi iqlimdə, repressiv tədbirlərin öz apogeyinə çatdığı zamanda, işgəncə vasitələrinin geniş vüsət aldığı dövrdə Azərbaycanın aidiyyəti dövlət hakimiyyəti orqanlarının Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin tövsiyələrini iqnor etməsi, dialoqda maraqlı olmaması təəccüb doğurmur”, Səfərov qeyd edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuş millət vəkili Fazil Mustafa komitənin bu qərarını qərəzli hesab edir.

Fazil Mustafa, millət vəkili
Fazil Mustafa, millət vəkili

“Bu mesajlar Azərbaycanı diskriminasiya edən qərarlardır. Ona görə də Avropa Şurasının hansısa formada bu məsələdə deyək ki, bir komitəsinin bəyanat yayması həmən Avropa Şurasının qərəzli bəyanatlarından fərqlənməyəcək. Azərbaycanda hansısa bir işgəncə faktı olanda Azərbaycanın Ombudsmanı, Azərbaycanda Milli Məclisin İnsan Hüquqları Komitəsi var. Başqa qurumlar vasitəsilə də buna baxılır və araşdırılır. İşgəncə ilə bağlı açığı son vaxtlar bir bariz fakt təqdim olunmayıb”, Fazil Mustafa əlavə edib.

Deputat bildirib ki, CPT-nin bu gün yaydığı bəyanat Avropa Şurasının siyasi maraqlarına xidmət edən bəyanatdır.

“Azərbaycan bunu qətiyyətlə rədd edir. Hər hansı şəkildə konkret faktları varsa, hətta Avropa Şurasının bu komitəsi ilə əlaqəmiz olmasa belə, araşdırmağa hazırıq. Borcluyuq. Çünki insan haqları daxili auditoriyada bizim ən prioritet məsələlərdən biridir. Bunu Avropa Şurası xatirinə etmirik. Buna öz vətəndaşımıza olan münasibət konteksində baxırıq. Bunun hüquqlarının qorunması ən vacib prioritet məsələlərindən biridir”, deputat deyib.

Azərbaycan Daxili İşlər Nazirliyi Komitənin bəyanatı ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub. AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.

AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.

Azərbaycanın nümayəndə heyəti hələ yanvar ayında səlahiyyətlərinin təsdiqlənməməsini Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

Forum

XS
SM
MD
LG