Accessibility links

BMT-nin İşgəncələrə Qarşı Komitəsi Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərin təzyiqlərə məruz qalması ilə bağlı narahatlıq bildirir


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (emblem)
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (emblem)

BMT-nin İşgəncələrə Qarşı Komitəsi mayın 10-da sonuncu sessiyasında altı iştirakçı dövlətin fəaliyyətini nəzərdən keçirdikdən sonra Avstriya, Azərbaycan, Finlandiya, Honduras, Lixtenşteyn və Şimali Makedoniya ilə bağlı nəticələri dərc edib.

BMT-nin İşgəncələrə Qarşı Komitəsinin məlumatında deyilir ki, nəticələr komitənin adı sadalanan hər bir ölkədə işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı Konvensiyanın icrası ilə bağlı əsas narahatlıqlarını və tövsiyələrini ehtiva edir.

Məlumatın Azərbaycana aid hissəsində "silahlı münaqişələr və antiterror əməliyyatları zamanı milli və etnik ermənilərin təqib olunması ilə bağlı iddiaların araşdırılmasına" çağırılır. Komitə həmçinin "etnik və ya milli mənşəli 23 erməni əsilli şəxsin terrorizm və bununla bağlı cinayətlərə görə həbsdə saxlanmasının davam etməsindən narahatlığını ifadə edib".

“Komitə Azərbaycanı ən yüksək səviyyələrdə beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasının qəbuledilməz olduğunu bəyan etməyə çağırıb. O, həmçinin ciddi pozuntularla bağlı iddiaların müstəqil, qərəzsiz, şəffaf və effektiv araşdırılmasına və iştirakçı dövləti günahkarları məsuliyyətə cəlb etməyə çağırıb”, məlumatda qeyd edilir.

BMT-nin İşgəncələrə Qarşı Komitəsi Azərbaycanda hüquq müdafiəçilərinin və jurnalistlərin hələ də fiziki və məhkəmə təzyiqlərinə məruz qalması, bəzi hallarda işgəncə və pis rəftara məruz qalması ilə bağlı iddialardan narahat olduğunu bildirib.

“Komitə ölkədə vətəndaş məkanının daralmasından narahat olub, azad və müstəqil vətəndaş cəmiyyətinin işgəncə və pis rəftarın qarşısının alınmasının açarı olduğunu xatırladıb. Komitə iştirakçı dövləti insan hüquqları müdafiəçiləri və jurnalistlərin təhdid, repressiya, zorakılıq və digər təqiblərdən azad olaraq öz işlərini yerinə yetirmələri üçün əlverişli mühit təmin etməyə çağırıb”, məlumatda qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi BMT-nin İşgəncələrə Qarşı Komitəsinin məlumatı ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bununla yanaşı, rəsmi Bakı bir qayda olaraq beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Ölkə rəhbərləri fundamental azadlıqların tam təmin edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir. Hərbi və hüquq mühafizə orqanları isə içgəncələr, qeyri insani rəftarlarla bağlı yayılan məlumatları təkzib edir və insanların özünü müdafiə məqsədi ilə belə məlumatlar yaydığını bildirir. Ölkə rəhbərləri həbsdə olan jurnalist və ictimai-siyasi fəalların qanunvericiliyin pozulması ilə bağlı hüquqi araşdırma çərçivəsində saxlanıldığını bildirib.

Həbsdə olan erməni əsilli insanlara gəlincə, onlara qarşı Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri qaldırılıb. Onlardan bəziləri barədə məhkəmə hökmləri var. Digər həbsdə olanlar barədə isə ibtidai istintaq davam etdirilir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG