Accessibility links

Reyçel Denber: Həbs edilmiş fəallar və jurnalistlər dərhal azadlığa buraxılmalı, onlara qarşı ittihamlar ləğv edilməlidir


Reyçel Denber: Həbs edilmiş fəallar və jurnalistlər dərhal azadlığa buraxılmalıdır
please wait

No media source currently available

0:00 0:09:52 0:00

Beynəlxalq ictimaiyyət Azərbaycan Demokratiya və Rifah partiyasının sədri, professor Qubad İbadoğlunun həbsinin ev dustaqlığı ilə əvəz edilməsini alqışlayıb və Azərbaycan hökumətini onu tez zamanda azad etməyə çağırıb. Birləşmiş Ştatlar Azərbaycan rəsmilərini Qubad İbadoğlu və haqsız yerı həbs edilmiş bütün digər şəxsləri azad etməyə çağırdığını bəyan edib. Beynəlxalq hüquq müdafiə təşkilatları həmçinin tanınmış alim və siyasətçiyə qarşı ittihamların ləğv edilməli olduğunu bildirir. Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə Qubad İbadoğlunun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi, beynəlxalq icitimaiyyətin Azərbaycanda siyasi motivlərlər həbs edilmiş fəallar və jurnalistlərin azad edilməsi üçün ata biləcəyi addımlar və ABŞ Dövlə Departamentinin dünya ölkələrində insan hüquqlarının durumu ilə bağlı illik hesabatında Azərbaycanda müstəqil tənqidi səslərə qarşı basqılarla bağlı narahatlıqlar barədə danışıb.

Amerikanın Səsi: 2023-cü ilin iyul ayından həbsdə olan doktor Qubad İbadoğlu bu həftənin əvvəlində məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Onun sağlıq durumunda porblemlər var idi və ABŞ onun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıb. Bununla belə, ona qarşı bütün ittihamlar qalır və o, ittihamları rədd edir. Siz onun işini izləyirsiniz. Onun azadlığa buraxılmasına reaksiyanız necədir?

Reyçel Denber: Məni proqramınıza dəvət etdiyiniz üçün təşəkkür edirəm. Doktor Qubad İbadoğlunun artıq dəmir barmaqlıqlar arxasında olmaması təbii ki, bizi rahatlaşdırır. Ona görə ki, o, həbsxanada olduğu müddətdə onun səhhətində bir sıra problemlər var idi. Amma ona qarşı ittihamların hələ də qalması bizi narahat edir. Bunlar saxta pul və ekstremist materialların yayılması ittihamlarıdır. Hər iki ittiham tamamilə saxtadır və hökumətin bu ittihamlarla onu mühakimə etməyə davam edərək, ədaləti məhdudlaşdırmaq kimi bu şounu davam etdirməsi qəzəb doğurur. Buna görə də Qubadın artıq dəmir barmaqlıqlar arxasında olmaması bizi çox rahatlaşdırsa da, onun ehtiyac duyduğu tibbi yardımı ala bilməsi olduqca vacibdir. Bu da onun ölkəni tərk edib xaricdə müalicə ala bilməsi deməkdir. Onun ehtiyac duyduğu diqqəti, ona lazım olan etimadı Azərbaycanda ala bilməyəcəyini düşünürəm. Hakimiyyət ona qarşı ittihamları ləğv etməli və tibbi yardım almaq üçün xaricə getməsinə icazə verməlidir.

Amerikanın Səsi: Birləşmiş Ştatlar Qubad İbadoğlunun azadlığa buraxılmasını alqışlasa da, Azərbaycan hökumətini onun tam azad edilməsinə və haqsız yerə həbs edilən bütün digər şəxsləri azad etməyə çağırıb. Professor İbadoğlu həbsinin siyasi motivli olduğunu bildidir. Human Rights Watch təşkilatı Azərbaycan hakimiyyətini ona qarşı ittihamını ləğv etməyə çağırıb. Beynəlxalq ictimaiyyət onun tam azad edilməsi üçün hansı tədbirləri görə bilər?

Reyçel Denber: Beynəlxalq ictimaiyyətin Qubadın azad edilməsi və həbsdə olan bütün digər jurnalistlərin azad edilməsi üçün təzyiq göstərə biləcəyi bir sıra tədbirlər var. Əsasən, dekabrın sonundan başlayaraq, keçən ilin sonundan etibarən Azərbaycan hakimiyyəti tərəfindən təzyiqlərdə kifayət qədər ciddi artım müşahidə olunur. Göründüyü kimi, Azərbaycan daxilində müstəqil mediadan nə qalıbsa onun susdurulması üçün birgə səylər göstərilir. Belə ki, bildiyiniz kimi, dinləyicilərinizin də bildiyi kimi, “AbzasMedia”nın jurnalistlərinin həbsi, Kanal13, eləcə də “Toplum Media”nın jurnalistlərinin, bəzi QHT fəallarının həbsi oldu. Və bu, noyabrın sonunda Azərbaycanda keçiriləcək COP 29 iqlim konfransından əvvəl tənqidi, müstəqil düşünənləri, tənqidi səsləri susdurmaq üçün Azərbaycan hökumətinin birgə səylərinin bir hissəsidir. Ona görə də hesab edirəm ki, beynəlxalq ictimaiyyət Azərbaycana aydın şəkildə izah etməlidir ki, o, indi dünya səhnəsindədir, Azərbaycan qlobal səhnədədir və Qubad İbadoğluna qarşı ittihamları ləğv etməsə, onun ölkəni tərk etməsinə imkan verməsə və həbsdə olan bütün jurnalistləri və vətəndaş fəallarını azad etməsə reputasiyasına bundan sonra daha da böyük zərbə vurulacaq. Ona görə də beynəlxalq ictimaiyyət daim açıq şəkildə bildirməlidir ki, bu insanların hamısı azadlığa buraxılmayana qədər Azərbaycanla bağlı işlər əvvəlki kimi olmayacaq. Bilirəm ki, məqsədyönlü sanksiyalardan söhbət gedir. Bu alətlər arasında başqa bir vasitədir. Amma mahiyyət etibarı ilə mesaj ondan ibarət olmalıdır ki, hökumət bu ifrat repressiya dalğalarını davam etdirdikcə işləri əvvəlki kimi davam etdirmək mümkün deyil.

Amerikanın Səsi: Siz sanksiyaları qeyd etdiniz. Azərbaycan hökumətinin ABŞ Konqresində insan hüquqlarının pozulmasına görə Azərbaycan rəsmilərini hədəf alan ilk sanksiyalar layihəsinin təqdim ediləcəyi ilə bağlı təzyiq altında olduğu barədə məlumatlar var. Sizin fikriniz nədir? Bu cür tədbirlər nəticə verirmi? Təzyiq işləyirmi?

Reyçel Denber: Düşünürəm ki, bu, adətən təzyiqlərin kombinasiyasından ibarətdir. Reputasiya baxımından təzyiq var. Bəzi hallarda Azərbaycan hökuməti müəyyən növ investisiyalar və ya kreditlər istədikdə təzyiq tətbiq oluna bilər. Hesab edirəm ki, insan hüquqlarının pozulmasında bilavasitə əli olan şəxslərə qarşı da məqsədyönlü sanksiyalar tətbiq edilməlidir. Bu, vasitələrdən daha biridir. Mən ABŞ Konqresində təklif olunan qanun layihəsi haqqında eşitmişəm. Lakin mən bu siyahıda kimin və hansı işlə və nə ilə əlaqədar olaraq olduğunu bilmirəm.

Amerikanın Səsi: Dövlət Departamenti bu həftə dünya ölkələrində insan hüquqlarının durumuna dair illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycanda siyasi müxalifət və müxalif fikrə qarşı təzyiqlər, eləcə də müstəqil mediaya basqılarla bağlı narahatlıqlar ifadə edilir. Sizin fikrinizcə, dərhal diqqət tələb edən ən ciddi problemlər hansılardır və beynəlxalq ictimaiyyət bu problemləri necə həll edə bilər?

Reyçel Denber: Hazırda Azərbaycanda insan hüquqları sahəsində vəziyyətlə bağlı ən ciddi problem hökumətin müstəqil tənqidi səslərə qarşı intensiv və davamlı basqılarıdır. Hökumət həbs edir, açıq şəkildə həbs edir və heç bir günahı olmayan insanlara qarşı uydurma ittihamlar irəli sürür. Ona görə də onlar dərhal azadlığa buraxılmalıdır və onlara qarşı ittihamlar ləğv edilməlidir.

Daha dərin problem ondan ibarətdir ki, hökumət istər jurnalistlər, istər vətəndaş cəmiyyəti fəalları, istər hüquq müdafiəçiləri, istərsə də anti-korrupsiya fəalları olsun, mühakimə etdiyi müstəqil subyektləri məqsədyönlü şəkildə, onları qanun çərçivəsində sıxışdırıb və onların müstəqil şəkildə insan hüquqlarının müdafiəsi və ya monitorinq fəaliyyəti ilə məşğul olmasını qanunvericiliklə qeyri-mümkün edib. Bu strategiyaya əsasən, hökumət maliyyə vəsaiti almaq üçün, xaricdən maliyyələşmək üçün qeydiyyatdan keçməyi praktiki olaraq qeyri-mümkün edəcək qədər çətinləşdirir və beləliklə də insanlara seçim verir: ya bu işi heç görmürsən, ya da özünü riskə atırsan. Ona görə də mən hesab edirəm ki, bu, həll edilməli olan daha dərin problemdir. Bu, aktual məsələdir, çünki siz bilirsiniz ki, hökumətin vətəndaş cəmiyyətinə bu qədər avtoritar və bürokratik yanaşması birbaşa zərər vurur. İnsanlar dəmir barmaqlıqlar arxasına qoyulur. Bu, insanların həyatını və yaşayışını riskə atır. Bu, Azərbaycanın COP 29 iqlim konfransına ev sahibliyi etmək kimi rolu ilə tamamilə uyğun gəlmir. Bu konfransa ev sahibliyi etməyin, iqlim dəyişikliyi ilə bağlı irəliləyişin bir hissəsi vətəndaş cəmiyyəti üçün açıq və əlverişli mühitin yaradılması ilə bağlıdır. Çünki iqlim dəyişikliyi ilə bağlı faktlar, iqlim dəyişikliyi problemini həll etmək üçün lazım olan vətəndaş fəaliyyətləri sərbəst məlumat axını olmadıqda, vətəndaş fəalları özlərini təhlükəsiz hiss etmədikdə və ətraf mühitlə bağlı problemləri və iqlim dəyişikliyi ilə bağlı məsələləri qaldıra bilmədiyi müddətdə düzgün həyata keçirilə bilməz. Buna görə də basqılar, mövcud olan repressiv qanunvericilik və onun tətbiq edilməsi tərzi [Azərbaycanın] COP 29 sammitinin ev sahibi kimi rolu ilə tamamilə ziddiyyət təşkil edir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG