Accessibility links

240 təşkilat və fərd ev dustaqlığında olan Qubad İbadoğlunu azad etməyə çağırır


Qubad İbadoğlu
Qubad İbadoğlu

Mayın 7-də 240 beynəlxalq təşkilat, elm adamı və insan hüquqları müdafiəçisi iqtisadçı, anti-korrupsiya eksperti Qubad İbadoğlunun ev dustaqlığından azad edilməsinə çağırış edən açıq məktub dərc ediblər.

Açıq məktubda London İqtisadiyyat Məktəbinin (LSE) tədqiqatçısı Qubad İbadoğlunun 2023-cü ilin 23 iyul tarixində pul saxtalaşdırılması və terrorçuluqla əlaqəli olmaqla bağlı “əsassız ittihamlarla” həbs edildiyi və 2024-cü il 22 aprel tarixində ev dustaqlığına buraxılmaqdan qabaq doqquz ay həbsdə saxlanıldığını qeyd edilir.

“BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasının İcrası üçün Koalisiya (UNCAC) və 239 əlavə imza bizim dostumuz və həmkarımız Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış edir”, BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasının İcrası üçün Koalisiyanın icraçı direktoru Matias Huter bildirib.

“Qubad bizim şəbəkənin üzvü və qlobal anti-korrupsiya hərəkatının aparıcı səslərindən biridir. Ona qarşı irəli sürülən ittihamlar əsassız və Azərbaycan hökuməti tərəfindən vətəndaş cəmiyyətinə təzyiq göstərmək, tənqidi və anti-korrupsiya səslərini susdurmaq cəhdi kimi görünür”, bəyanatda deyilir.

"Ömrünü Azərbaycan xalqının rifahının yüksəldilməsinə həsr etmiş bir insanın indi belə ağır şəraitə məruz qalması dəhşətlidir. Qubada qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur və Azərbaycan hakimiyyəti bu ittihamları dərhal geri götürməlidir ", Huter əlavə edib.

Xatırlatma

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Aprelin 22-də isə məhkəmə həbs qətimkan tədbirni ev dustqlığı tədbiri ilə əvəz edib.

Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG