Accessibility links

Ombudsman Xankəndində erməni sakinlərlə görüşüb


Səbinə Əliyeva
Səbinə Əliyeva

Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib.

Ombudsman Aparatının məlumatına görə, Əliyeva müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib.

“Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub. Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıq ediblər”, məlumatda qeyd edilir.

Başçəkmə zamanı ombudsmanın 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar müəssisəyə təqdim olunub.

Hazırda Xankəndi şəhərində nə qədər erməni əsilli insanın yaşadığı barədə rəsmi statistika açıqlanmır. Amma Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyinin 2023-cü il noyabrın 14-də yaydığı məlumata görə, Qarabağda 50-yə yaxın erməni qalıb.

Forum

XS
SM
MD
LG