Accessibility links

ABŞ səfirliyi Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib


Anar Məmmədli
Anar Məmmədli

ABŞ-ın Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib.

“Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin - ən son isə Anar Məmmədlinin, - həbslərinin davam etməsi bizi çox narahat edir. Biz Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün şəxsləri dərhal azad etməyə çağırırıq. Biz Azərbaycan hökumətini insan haqlarına və ifadə azadlığından istifadə edənlər də daxil olmaqla, hamının əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, ABŞ səfirliyinin mətbuat katibi Vanessa Zenji Amerikanın Səsinin sorğusuna cavabda bildirirb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli aprelin 29-da bir qrup mülki geyimli şəxs tərəfindən saxlanılıb.

Bu gün Anar Məmmədlinin və onun atasının evində axtarış aparılıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, onu Anar Məmmədlinin axtarış aparılan evinə buraxmayıblar və Anar Məmmədli ilə görüşümə imkan verməyiblər.

“Sadəcə telefonla mənə bildirdilər ki, Anar Məmmədli “Abzas Media” nəşrinin cinayət işi üzrə şahid qismində saxlanılıb, evində axtarış-götürmə əməliyyat tədbiri həyata keçirirlər”, vəkil qeyd edib.

Xatırladaq ki, Anar Məmmədlinin saxlanılması ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs edilənləri azad etməyə çağırışından bir gün sonraya təsadüf edir.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir. Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Məmmədli bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün (COP29 - Cimate of Justice Initiative) təsisçilərindəndir.

Son zamanlar hökumətyönümlü hesab edilən medialarda, həmçinin Rusiyanın Sputnik.Azərbaycan saytında Anar Məmmədli də daxil olmaqla, bir sıra şəxslər barədə ittihamedici məqalələr dərc edilib.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda suçlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

Forum

XS
SM
MD
LG