Accessibility links

Vəkil: "Kanal 13" internet televiziyasının rəhbəri Orucovun səhhətində problemlər yaranıb


Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri
Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun səhhətində problemlər yaranıb.

Bu barədə Amerikanın Səsinə onun vəkili Bəhruz Bayramov məlumat verib.

“Jurnalistin sinirləri pozulub, əlləri əsir, səhhətində psixoloji problemləri yaranıb. Əziz qapalı şəraitdə qala bilmir, dərhal vəziyyəti pisləşir", Bayramov əlavə edib.

Vəkil qeyd edib ki, Əziz Orucov Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülüb, hazırda müalicə alır.

Əziz Orucovun səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb.

Amma bundan əvvəl Amerikanın Səsinin sorğusuna cavab verən Penitensiar Xidmət tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət etməyi tövsiyə edib.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən məlumat telefonları vasitəsi ilə hər hansı məlumat almaq mümkün olmayıb.

Onun sözlərinə görə, Əziz Orucovun həbs müddəti mayın 27-də bitir.

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda "Kanal 13"-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

"Kanal 13" 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Forum

XS
SM
MD
LG