Accessibility links

Rəsmi Bakının AŞPA-nı parlament seçkilərinə dəvət etmədiyi bildirilir


AŞPA
AŞPA

Rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasına (AŞPA) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət etməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə APA informasiya agentliyinə bildirib ki, Xarici İşlər Nazirliyi (XİN) seçkiləri müşahidə etmək üçün 7 beynəlxalq təşkilatı dəvət edib. Onların arasında AŞPA yer almır.

“ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı XİN-in dəvət etdiyi təşkilatlardır”, Hacızadə qeyd edib.

AŞPA-nın mətbuat xidməti məsələ ilə bağlı Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirib ki, qurum bununla bağlı hələlik şərh vermək niyyətində deyil.

Report agentliyi azərbaycanlı diplomatik mənbələrə istinadən yazır ki, AŞPA-ya dəvət göndərilməməsinin əsas səbəbi “Avropa Şurası və onun Parlament Assambleyasının artıq neçə ildir Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan siyasət yürütməsidir”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub.

AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.

Qərarın verilməsinə əsas səbəblərdən biri kimi Azərbaycanın AŞPA-nı fevral ayında baş tutan prezident seçkilərinə dəvət etməməsi göstərilirdi.

Assambleya həmçinin bunu Azərbaycanda jurnalist və fəalların kütləvi həbsi də daxil olmaqla, insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, habelə rəsmi Bakının məruzəçilərin sərbəst fəaliyyətinə imkan yaratmamaqla öz öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.

Azərbaycanın nümayəndə heyəti hələ yanvar ayında səlahiyyətlərinin təsdiqlənməməsini Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG