Jurnalistlərin vəzifələrini yerinə yetirdiklərinə görə həbs edilməsi qətiyyən yolverilməzdir.
Bunu Amerikanın Səsinə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə keçmiş həmməruzəçisi, Avstriyadan olan deputat Stefan Şennak bildirib.
“Əgər neft və qazı satmaqla hər şeyi riskə ata biləcəyinizi düşünürlərsə, yanılırlar. Azərbaycan artıq bununla bağlı çoxsaylı beynəlxalq siqnallar alıb”, o bildirib
Təkcə jurnalistlərin deyil, iqtisadçı alim Qubad İbadoğlu, media eksperti Ələsgər Məmmədlinin həbs olunmasını necə dəyərləndirilməsi ilə bağlı sualın cavabında deputat bildirib ki, Avropa Şurası və bir çox beynəlxalq təşkilatlar onların azadlığa buraxılmasında israrlıdır.
“Tezliklə bizim yeni baş katibimiz olacaq və bu tələblər daha da güclənəcək. Hakimiyyət anlamalıdır ki, bu məsələni həll etmək lazımdır”, Şennak deyib.
Yanvarda AŞPA Azərbaycan nümayəndə heyətini insan hüquqlarının pozulmasına görə səsvermə hüququndan məhrum edib. “Bundan sonra nə olacaq?” Bu suala Şennak bildirib ki, Azərbaycan Avropa Şurasının üzvü kimi fəaliyyət göstərməlidir. “Qəbul edilmiş qərara əsasən, Azərbaycan Avropa Şurasının müəyyən qərarlarını yerinə yetirərsə, məsələyə yenidən baxıla bilər”, Şennak vurğulayıb.
Azərbaycanın hökumət nümayəndələri adətən beynəlxalq təşkilatların tənqidi hesabatları ilə razılaşmır, onların qərəzli olduğunu bildirir. Azərbaycan rəsmiləri həmçinin ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini qeyd edirlər.
Forum