Accessibility links

AŞPA-nın yaz sessiyası Azərbaycanın iştirakı olmadan işinə başlayıb


Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası aprelin 15-də işinə başlayıb. Azərbaycanın Avropa Şurasına üzv olmasından bəri ilk dəfə azərbaycanlı deputatlar sessiyada iştirak etmirlər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsi yanvar ayında baş tutan qış sessiyasında qəbul edilməyib və daha sonra keçirilən səsvermə ilə azərbaycanlı deputatların Assambleyada iştirakı dondurulub. AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi və Azərbaycanın qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.

Həftəboyu davam edəcək sessiyada Kosovonun Avropa Şurasına üzvlüyü məsələsinə baxılacaq. AŞPA bu mövzu ətrafında müzakirələr keçirirərək yekun qərarı verməli olan Avropa Şurası Nazirlər Komitəsinə rəy təqdim edəcək.

Çərşənbə axşamı AŞPA “Aleksey Navalnının ölümü və Vladimir Putinin totalitar rejiminə, onun demokratiyaya qarşı müharibəsi əleyhinə mübarizənin zəruriliyi”, “Vladimir Kara-Murzanın əsassız həbsi, Rusiya və Belarusda müharibə əleyhinə nümayişçilərin sistematik şəkildə təqib edilməsi”, mövzularında müzakirələr keçirəcək. Birgə müzakirələrdə həmçinin rusiyalı müxalif siyasətçi Kara-Murzanın saxlanmasında, məhkum edilməsində və əvvəllər zəhərlənməsində iştirak edən şəxslərə qarşı sanksiyalara çağıran hesabat səsverməyə çıxarılacaq.

Gündəlikdə duran digər məsələ Ukraynanın yenidənqurulmasına dəstək, o cümlədən Rusiyanın dondurulmuş aktivlərinin bu məqsədlə istifadə edilməsi məsələsidir. Bu mövzuda müzakirələrə Ukrayna parlamentinin sədri Ruslan Stefançuk da qoşulacaq.

AŞPA həmçinin Yaxın Şərqdə son vəziyyətlə bağlı müzakirələr keçirəcək, Avropa Şurasının “Süni intellekt, insan hüquqları, demokratiya və qanunun aliliyi” haqqında Çərçivə Konvensiyası barədə öz rəyini verəcək.

Nəzərdə tutulan digər debatlar arasında Avropada LGBT fərdlərinin ifadə və toplaşma azadlığı, sağlam ətraf mühitin insan hüququ kimi təbliğ edilməsi mövzuları yer alır.

Forum

XS
SM
MD
LG