Accessibility links

Frank Şvabe: İqlim dəyişikliyi konfransı ərəfəsində daha çox siyasi məhbusun olduğunu görürük


Frank Şvabe, AŞPA-nın Almaniyadan olan deputatı
Frank Şvabe, AŞPA-nın Almaniyadan olan deputatı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe Amerikanın Səsinə müsahibəsində Assambleyadan kənarlaşdırılan Azərbaycanın nümayəndə heyətinin geri dönə bilməsi üçün atılmalı olan addımlar barədə danışıb.

Almaniyalı deputat Azərbaycanın nümayəndə heyətinin geri dönməsinə heç kimin qarşı olmadığını, amma bunun üçün Bakının siyasi məhbusları azad etməli olduğunu və siyasi vəziyyətin yaxşıya doğru dəyişməsi istiqamətində addımlar atmalı olduğunu vurğulayıb.

Amerikanın Səsi: Cənab Şvabe, Azərbaycanın nümayəndə heyətinin etimadnaməsi yanvar ayında AŞPA tərəfindən qəbul edilmədiyi üçün onlar bu sessiyada iştirak etmirlər. Bu məsələyə dair hər hansı dəyişiklik və ya yenilik varmı?

Frank Şvabe: Mahiyyətcə dəyişən heç nə yoxdur. Əlbəttə, bəzi ölkələr və hökumətlər nümayəndə heyətinin geri qaytarılmasına çağırırlar. Heç kim onların geri qayıtmasına qarşı deyil, hətta onların bir ildən daha tez geri qayıtmaları üçün yol tapa bilərik. Söhbət mahiyyətdən gedir, mahiyyət isə Azərbaycanda siyasi vəziyyətin getdikcə pisləşməsidir. Xüsusilə, iqlim dəyişikliyi konfransı ərəfəsində daha çox siyasi məhbusun olduğunu görürük. Toplum TV-yə hücum və digər məsələlər…

Frank Şvabe: İqlim dəyişikliyi konfransı ərəfəsində daha çox siyasi məhbusun olduğunu görürük
please wait

No media source currently available

0:00 0:04:53 0:00


Beləliklə, siyasi məhbusların sayı azalmayıb, əksinə artıb. Azalsa, bu barədə danışa bilərdik. Bundan əlavə, məruzəçilərimiz hələ də ölkəyə səfər edə bilmir, seçki müşahidə missiyası göndərə bilmirik. Bizim belə qərar verməyimizə gətirib çıxaran bu səbəblər toplusu idi.

Və yenidən, əgər bir şeylər əhəmiyyətli dərəcədə dəyişsə, mən tamamilə demirəm, ən azından əhəmiyyətli şəkildə dəyişsə və biz görsək ki, həqiqətən doğru istiqamətdə gedirik, onda biz hər şeyi etməyə hazır olarıq. Çünki biz əməkdaşlıq etmək istəyirik. Yox dəyişməsə, onda belə də qalacaq.

Amerikanın Səsi: Nazirlər Komitəsində danışıqların getməsi ilə bağlı şayiələr gəzir. Siz bundan xəbərdarsınızmı? Danışıqlar nə ilə bağlıdır? Azərbaycanın yenidən Assambleyaya dəvət edilməsi üçün atmalı olduğu əsaslı addımlar, şərtlər nədir?

Frank Şvabe: Nazirlər Komitəsi bu məsələni müzakirə edir. Bu, yaxşıdır. Onlar AŞPA-nın qərarını müzakirə edirlər, ancaq AŞPA öz qərarlarını verir, öz əsasları var. Nazirlər Komitəsi Azərbaycanın məsələsinə bir yerdə baxmağımıza ehtiyac olduğunu düşünsə, bizim birgə prosedur başlatmağımız mümkündür. Çünki məsələ təkcə AŞPA ilə əməkdaşlıq edilməməsi deyil, Azərbaycanla bağlı çoxsaylı problemlər var. Əgər onlar bizimlə birlikdə işləməyə hazır olsalar, bu, əməkdaşlıq etmək və vəziyyətin həlli üçün bir yol ola bilərdi.

Lakin hələlik çoxlu söz-söhbət var və ola bilsin ki, çoxlu müzakirələr gedir, bir neçə hökumət və parlament Azərbaycan nümayəndə heyətinin geri qayıtmasına icazə verilməsini xahiş edir. Ancaq əksəriyyət olduqca aydın idi və aydındır ki, əgər siyasi məhbuslar azad edilsə, biz hadisələrin düzgün istiqamətə getdiyini hiss etsək, nümayəndə heyətini qarşılamaqdan məmnun olarıq.

Amerikanın Səsi: Siz siyasi məhbusların azad edilməsini əsaslı addımlardan biri olduğunu qeyd etdiniz. Bunu kimi başqa şərtlər varmı?

Frank Şvabe: İlkin şərt Assambleya ilə əməkdaşlıq edilməsidir. Lakin bu bizim istəməli olduğumuz bir şey deyil, bu normal öhdəlikdir. İndi yaranmış vəziyyətə görə biz bu addımı atmışıq. Əlbəttə daha çox işlər görülməlidir. Siz deyə bilməsiniz ki, biz geri qayıdırıq və qaydalara əməl edəcəyik, amma eyni zamanda hər gün birilərini həbs edəcəyik, Toplum TV-yə və başqalarına hücum edəcəyik. Bu bizim verdiyimiz qərar üzərində yenidən düşünə biləcəyimiz hal deyil. Əgər hazırda gördüyümüz kimi real olaraq dəyişən bir şey yoxdursa, ölkədə vəziyyət daha da pisləşirsə, kimin müzakirə etməsindən asılı olmayaraq bir ildən əvvəl geriyə yol yoxdur. Və hətta bir ildən sonra belə görək bununla necə məşğul olacağıq, çünki bu, vəziyyətdən asılıdır.

Azərbaycanın bu təşkilata sadiqlik nümayiş etdirməsi üçün çoxlu imkanlar var. Görüləsi çox şey var. Siyasi məhbuslar da bunun bir hissəsidir və qərar vermək Azərbaycandan asılıdır. Bizim təşkilatla əməkdaşlıq etmək istəyən, qaydalara və dəyərlərə riayət edən ölkələrə qapımız açıqdır.

Qeyd: Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə hüquq və azadlıqların vəziyyəti ilə bağlı tənqidləri qəbul etmir. AŞPA Azərbaycanın nümayəndə heyətinin Assambleyadan kənarlaşdırılmasını ölkədə insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, Azərbaycanın öhdəliklərini yerinə yetirməməsi və qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirsə də, Azərbaycan tərəfi bu addımı Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

Forum

XS
SM
MD
LG