Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə müsahibəsində Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun bir il müddətinə məhdudlaşdırılmasının səbəblərindən, Azərbaycan-Avropa Şurası münasibətlərindəın danışıb.
Amerikanın Səsi: AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsinin səbəblərindən biri təşkilatın təmsilçilərinin növbədənkənar prezident seçkilərinə dəvət edilməməsi idi. Sizcə AŞPA-ya seçkilərin monitorinqinə dəvət göndərilməməsinin səbəbi nədir?
Bəşir Süleymanlı: Əsas səbəblərdən biri, dəvətin göndərilməməsi idi. Xatırlayırsınızsa, ötən ilin axırlarında AŞPA bəyanatla çıxış etmişdi. Azərbaycan tərəfi də bəyanata etirazını bildirmişdi. İlkin olaraq bundan qaynaqlanır. Amma xüsusi səbəbi Azərbaycan höküməti hazırki durumda AŞPA nümayəndə heyətini, yəni seçkiləri müşahidə etmək üçün gələn deputatların bu seçkidə iştirakını istəməməsidir. Bunu da istəməməyinin səbəbləri var. Səbəblər odur ki, artıq AŞPA-da deputatları ələ almaq, hansısa bir yolla zərərsizləşdirmək mümkün deyil. Ona görə də müstəqil deputatların bu seçkilərə gəlməsi, seçkiləri müşahidə etməsi və seçkilərdən sonra hesabat yayması hazırki durumda arzuolunmaz hesab olunur. Buna görə də onlar xüsusi olaraq AŞPA-ya dəvət göndərməmişdir. AŞPA da Azərbaycan nümayəndə heyətinin mandatını təsdiq etmədi. Əsas səbəb bu idi.
Amerikanın Səsi: AŞPA-nın müşahidəçi missiyasının olmaması seçkilərin beynəlxalq birlik tərəfindən qiymətləndirilməsinə necə təsir göstərəcək?
Bəşir Süleymanlı: Əslində öz təsirini göstərib. Çünki Azərbaycan nümayəndə heyəti AŞPA-da təsdiq olunmadı. Faktiki olaraq Azərbaycana sanksiya tətbiq etdilər. Bir illik fəaliyyətini dondurdular. Bu, ilkin göstəricidir. Növbəti mərhələdə də təbii ki, əgər gələcəkdə seçkidən sonra Azərbaycan hər hansı bir seçkilərin nəticələrini və yaxud fundamental azadlıqlarla bağlı islahatlar aparmasa, hazırkı seçkiqabağı mühitdə yaranmış problemləri aradan qaldırmaq istiqamətində addımlar atılmasa, növbəti dahasərt addımlar atıla bilər. Hansı ki, sənəddə qeyd olunduğu kimi əməkdaşlıqlar dayandırıla bilər. Bundan sonra mən düşünürəm ki, Avropa İttifaqı da bu prosesə qoşula bilər. Daha çox Azərbaycana qarşı tələblər və yaxud da sanksiyalar, məhdudlaşdırıcı hansısa qadağalar qoya bilər.
Amerikanın Səsi: Bəs yerli səviyyədə seçkilərin müşahidəsi necə təşkil olunub? Seçki kampaniyasının müstəqil monitorinqinin aparılması üçün şərait varmı?
Bəşir Süleymanlı: Hazırda şərait minimumdur. Çünki ölkədə vətəndaş cəmiyyətinin uzun illərdir fəaliyyəti məhdudlaşdırılıb. İmkanlar məhduddur. Buna görə də seçkilərdə demək olar ki, müşahidə aparmaq imkanları məhduddur. Bilirsiniz ki, seçkilər daha çox maliyyə tələb edən prosesdir. Çünki seçki üzrə müşahidə aparmaq lazımdır. Hazırkı şəraitdə bu imkanlar yoxdur. O cümlədən də seçkili maarifçiliyini təşkil edən, seçkiqabağı fəaliyyətlə məşğul olan vətəndaş cəmiyyəti susdurularaq sıradan çıxdığına görə də demək olar ki, iş görmək mümkün deyil.
Amerikanın Səsi: Ümumiyyətlə seçki kampaniyasını azad, ədalətli, demokratik seçkilərə dair beynəlxalq standartlar baxımından necə qiymətləndirərdiniz?
Bəşir Süleymanlı: Hazırki növbədənkənar seçkilər qəfil təyin olunduğuna görə, əsas seçki aktyorları iştirak etməkdən imtina ediblər. Həm vaxt baxımından, həm qəfil qarşılanma baxımından, həm də seçkiqabağı mühitin qeyri-demokratik olduğunu elan ediblər. Seçkidən iştirakdan imtina ediblər. Bu özü seçkilərin çox sönük keçirilməsi üçün öz "şəraitini" göstərib. Digər tərəfdən əsas aktyortların iştirak etməməsi seçkilərin daha məhdud sayda və cəmiyyət tərəfindən məlumatlılıq səviyyədə keçirilir. Digər tərəfdən hökümət özü də maraqlı deyil ki, seçkilər daha çox səs-küyə səbəb olsun. Ona görə də məhdud sayda keçirilir. Bunlar hamısı seçkilərin əsas beynəlxalq standartlara uyğun keçirilməsi indikatorlarını azaldır. Seçkiqabağı mühit nə qədər anti-demokratikdirsə, əsas namizədlər iştirak eləmirsə, vətəndaş cəmiyyətinin fəaliyyəti məhdudlaşdırılırsa, jurnalistlər həbs olunursa və onların fəaliyyəti məhdudlaşdırılırsa və digər siyasi azdlıqlarla bağlı məhdudlaşdırma varsa təbii ki, bu seçkinin keçirilməsinə təsirin əsas amilləridir. Baxmayaraq ki, seçki günü heç bir pozuntu olmasa belə təbii ki, bu da inandırıcı deyil. Bu seçkiqabağı mühitün bu qədər məhdud və qeyri-demokratik olması seçkilərin əvvəlcədən beynəlxalq standartlar çərçivəsində olmamasının göstəricisidir.
Qeyd: Bu Bəşir Süleymanlının fikirləridir. Azərbaycan AŞPA-da səsvermə hüququnun məhdudlaşıdırılması ilə bağlı qərarı qərəzli sayır və ikili standartlarla izah edir. Ölkə rəsmiləri AŞPA-nin qərarını bu qurumda təmsil olunan bir sıra Qərb dövlətlərinin Azərbaycanın suverneliyini təmin etməsinə "qısqanc" münasibətinin nəticəsi kimi qiymətləndirir.
Ölkədəki seçki mühitinə gəlincə, Azərbaycan Mərkəzi Seçki Komissiyası azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün hər çür imkanların yaradıldığını bəyan edib.
Forum