Accessibility links

Almaniyada “Azərbaycan qalmaqalı” işi üzrə iki keçmiş deputata ittiham irəli sürülüb


Eduard Lintner, Almaniya parlamentinin keçmiş üzvü
Eduard Lintner, Almaniya parlamentinin keçmiş üzvü

Münhen Prokurorluğu “Azərbaycan qalmaqalı” kimi tanınan iş üzrə Almaniya parlamenti - Bundestaqın iki keçmiş deputatına və digər iki şəxsə qarşı rüşvət və korrupsiya ittihamı irəli sürüb.

Prokurorluq iddia edir ki, keçmiş deputatlar Eduard Lintner və Aksel Fişer Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan maraqları naminə lobbiçilik etmək üçün külli miqdarda rüşvət alaraq, seçilmiş rəsmilərə rüşvət verərək qanunu pozublar. Korrupsiya qalmaqalında Bundestaqın 2021-ci ildə vəfat edən digər deputatı Karin Ştrentsin də adı keçir. Prokurorluq qanunsuz yolla əldə edilmiş məbləğin müsadirə olunmasını istəyir.

“İttiham ciddi sensasiyadır”, Transparency International təşkilatının Almaniya bölməsinə sədrlik edən Aleksandra Herzoq deyib.

“Bu xəbərlər bir daha aydın şəkildə göstərir ki, Almaniya avtoritar şəkildə idarə olunan dövlətlərin strateji korrupsiya yolu ilə tətbiq etdiyi təsiretmə təhlükəsinə qarşı daha yaxşı silahlanmalıdır”, Herzog vurğulayıb.

Keçmiş deputat Eduard Lintner istintaq məlumatlarına görə 2010-2016-cı illərdə ofşor şirkətlər vasitəsilə Azərbaycandan bir neçə milyon avro məbləğində pul qəbul edib.

2009-2021-ci illərdə Bundestaq üzvü olmuş Karin Ştrentslə əlaqəni də məhz Eduard Lintner qurub. Ştrents pul müqabilində “Azərbaycanın tələblərinə uyğun hərəkət edəcəyini” vəd edib.

2015 və 2016-cı illərdə AŞPA-da Azərbaycanın təlimatlarına uyğun olaraq səs verən Ştrentsin bunun əvəzində 150 min avro rüşvət aldığı qeyd edilir.

Münhen Prokurorluğu bildirir ki, Almaniya Bundestaqının digər deputatı, 2010-2018-ci illərdə AŞPA üzvü olmuş Aksel Fişer Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovla təmasda olub və o, nəğd ödəniş müqabilində Azərbaycanın maraqları naminə fəaliyyət göstərməyə, o cümlədən təlimatlara uyğun səs verməyə, müsbət çıxışlar etməyə, məxfi sənədləri vaxtından əvvəl ötürməyə razılaşıb. Fişerin bunun müqabilində azı 26 min avro aldığı bildirilir.

Almaniyalı deputat Frank Şvabe baş verənlərin ikinci dünya müharibəsindən bəri Bundestaq tarixinin ən böyük qalmaqallarından olduğunu deyir.

“Bundestaq üzvləri başqa bir ölkədən rüşvət alır və bununla da Azərbaycanda insanların sıxıntı və səfalətinə töhvə verirlər. Bu, ağlagəlməz, olduqca dəhşətli qəbahətdir. Biz hər şeyi etməliyik ki, bu cür hallar bir daha təkrarlanmasın”, Şvabe vurğulayıb.

Azərbaycanın avropalı parlamentarları və digər rəsmiləri korrupsiya yolu ilə lobbiçiliyə cəlbetmə məsələsi “Kürü diplomatiyası” və “Azərbaycan landromatı” araşdırmalarından sonra diqqət çəkməyə başlayıb.

Münhen Prokurorluğu Almaniya Federal Kriminal Polisi ilə birgə 4 il ərzində istintaq işləri aparıldığını, Bundestaq üzvlərinin ofisləri də daxil olmaqla, 20-yə yaxın obyektdə axtarış aparıldığını bildirib.

Almaniya ilə yanaşı xaricdə də istintaq işləri aparılıb, Azərbaycan da daxil 15 ölkəyə iş üzrə təhqiqat sorğusu göndərilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG