97 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımova sentyabrın 17-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşları baş çəkib.
Bu barədə vəkil Rövşanə Rəhimli Penitensiar Xidmətin Müalicə müəssisəsində Fazil Qasımovla görüşündən sonra Amerikanın Səsinə deyib.
Vəkilin sözlərinə görə, Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Fazil Qasımova aclığı dayandırması tələbi ilə təzyiqlər edilir.
“Penitensiar Xidmətin əməkdaşları Fazil Qasımova qarşı fiziki, mənəvi və psixoloji təzyiqlər edir. Onun yanında yemək yeyirlər, bərkdən danışırlar, kobud rəftar edirlər. Fazili psixoloji təzyiq məqsədi ilə Müalicə müəssisəsinin çox ağır xəstələrin saxlanıldığı intensiv terapiya şöbəsinə yerləşdiriblər”, vəkil qeyd edib.
Fazil Qasımovun səhhətinə glincə, vəkil deyib ki, vəziyyəti çox ağırdır.
“O artıq sərbəst hərəkət edə bilmir. Psixoloji olaraq çox gərgindir. Kifayət qədər çəki itirib. Dəri və sümükdən ibarətdir”, Rəhimli qeyd edib.
Vəkilin Müalicə müəssəsində Fazil Qasımovla görüşü də problemsiz olmayıb.
“Müalicə müəssisəsinin əməkdaşkarı məni 50 dəqiqəyə yaxın yubatdılar. Səbəb kimi gah ziyarətə gələnlərin çox olması, gah da Fazilin gətirilməsi göstərildi. Halbuki, Fazili içəridə rahat vəkil otağında gözləyə bilərdim. Amma səbəb başqa idi müəssisə rəhbərliyinin tapşırığı ilə üzərimə baxış keçirməyə hazırlaşırdılar. Üzərimə baxış keçirməyə gələn qadın əməkdaşa konkret olaraq nə buna, nə də sənədlərimə baxılmasına icazə verməyəcəyimi bildirdim. Bu zaman əməkdaş məni rəis müavinin otağına gətirdi və rəis müavini məndən niyə üzərimə baxış keçirilməsinə icazə vermədiyimi soruşdu. Mən isə onların bu hərəkətlərinin tamamilə qanunsuz və vəkilə qarşı yolverilməz olduğunu bildirdim. Davamında isə müavin "bura strateji obyektdir bəlkə üzərinizdə qanunsuz əşya keçirirsiz, hardan bilək?!"dedi. Bu polemikanın davam etməməsi üçün dərhal sənədimi (vəkil vəsiqəmi) geri tələb etdim ki, oranı tərk etmək istədim və bu qanunsuz davranışla bağlı aidiyyatı qurumlara şikayət edəcəyimi bildirdim. Bundan sonra müavin rəislə əlaqə saxladı və məni yoxlamadan Fazillə görüşə buraxdılar”, o qeyd edib.
Vəkil baş verənlərlə bağlı daha detallı şikayətini Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Vəkillər Kollegiyasına, Ombudsmana, prokurorluğa ünvanlayacağını bildirib. O məhkəməyə də müraciət edəcəyini deyib.
Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, penitensiar müəssisələrə daxil olan şəxslər, o cümlədən vəkillər cəzaların icrası qanunvericiliyinin tələblərinə əsasən müvafiq yoxlama və baxış tədbirlərinə cəlb edilirlər
“Sentyabrın 17-də vəkil Rövşanə Rəhimlinin qeyd edilən prosedura cəlb edilməklə Müalicə müəssisəsinə daxil olması təmin edilmişdir. Əlavə olaraq bildiririk ki, həbs edilmiş şəxs Fazil Qasımov İntensiv Terapiya şöbəsində saxlanılmır, habelə məhkum və işçi heyətinin qida qəbul etdikləri məkanlar fərqli olduğundan müraciətdə qeyd edilən digər xüsusatlar həqiqəti əks etdirmir.
Fazil Qasımova qarşı məhkum və həbs edilmiş şəxslər, eləcə də əməkdaşlar tərəfindən qanunsuz hərəkətlərə yol verilməmişdir, onun hüquqları təmin edilir və qanuni mənafeləri qorunur”, Penitensiar Xidmət qeyd edib.
1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", Qasımov əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Növbəti məhkəmə iclası sentyabrın 19-da olacaq.
Forum