Accessibility links

Fazil Qasımov 88 gündür aclığı davam etdirir


Fazil Qasımov (Mənbə: Facebook)
Fazil Qasımov (Mənbə: Facebook)

İstanbul Universitetinin doktorantı Fazil Qasımov artıq 88 gündür aclığı davam etdirir. O, “qanunsuz həbsinə” etiraz edir.

Qardaşı Nazim Qasımov onunla görüşdən sonra sentyabrın 9-da Amerikanın Səsinə deyib ki, Fazil Qasımov aclığı sona qədər davam etdirəcəyini bildirib.

“Qardaşımın durumu acınacaqlıdır. O, hər an həyatını itirə bilər. Yalvarışlarımıza baxmayaraq inadından dönmür. Onun bədəni əriyib, sanki skeletdir. Çəkisi 67 kiloqramdan 35 kiloqramadək düşüb. Hətta deyərdim 35 kiloqram da çəkisi qalmayıb. Dəhşətli ağrılardan qıvrılır. Qorxunc ağrıların sifətinə çökmüş cizgiləri, onun iniltiləri ürəyimi parçalayır. Saçları tam ağarıb, beli bükülüb, sanki qarşımda illərin iztirabını çəkmiş qoca dayanmışdı. Qardaşımın durumu ailəmizin dərdinə çevrilib”, o qeyd edib.

Qardaşının dediyinə görə, müalicə müəssisəsində Fazil Qasımovun vəkilləri ilə danışıqlarına qulaq asılır.

“Yazdığı müraciətlər, vəsatətlər də senzuraya məruz qalır. Nəzarətçilər onun yazdılarını oxuyur və lazım bilmədiklərini əlindən alırlar”, Nazim Qasımov qardaşına istinadən bildirib.

Vəkil Telman Qasımov da Amerikanın Səsinə müdafiə etdiyi Fazil Qasımovun durumunun çox ağır olduğunu deyib.

“Onun arterial təzyiqi 50/30 nisbətinə düşür”, o qeyd edib.

Bununla yanaşı, Fazil Qasımovun səhhəti ilə bağlı Penitensiar Xidmətin Müalicə müəssisəsindən münasibət öyrənmək mümkün olmayıb.

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", Qasımov əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Növbəti məhkəmə iclası sentyabrın 19-da olacaq.

Forum

XS
SM
MD
LG