Accessibility links

63 gündür aclıq aksiyası keçirən Fazil Qasımov məhkəmədə təhdidlərə məruz qaldığını bildirib


Fazil Qasımov (Sosial şəbəkə)
Fazil Qasımov (Sosial şəbəkə)

Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə İstanbul Universitetinin doktorantı Fazil Qasımovun məhkəmə iclası keçirilib.

Məhkəmədə vəkil Rövşanə Rəhimli vəsatət verərək bildirib ki, müvəkkili 63 gündür aclıq aksiyası keçirir, ona görə də onun səhhətində problemlər yaranıb. O, məhkəmədən Qasımovun ev dustaqlığına buraxılmasını xahiş edib. Qasımov digər vəsatətində cinayət işi üzrə Qubad İbadoğlu ilə birlikdə ittiham olunduqları üçün işə bir icraatda baxılamasını istəyib, həmçinin o, başqa bir vəsatətində cinayət işinə xitam verilməsini də xahiş edib.

Məhkəmə Qasımovun vəsatətlərini təmin etməyib və cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmədə iştirak edən "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov bildirib ki, Qasımovun səhhətində ciddi problemlər var:

"Bu gün Fazil Qasımovu məhkəmədə gördüm. 63 gündür aclıq edən Qasımov o qədər çəki itirib ki, sanki onun bədəni dəri və sümükdəın ibarətdir. O, hazırkı isti havada qalın qış idman geyimində idi, amma üşüyürdü, titrəyirdi. Səsi çox zəifləyib. O sanki paltarının içində itmişdi".

Hüquq müdafiəçisinin sözlərinəg görə, Qasımova qarşı humanitar münasibət olmalıdır.

"Çünki onun həyatı və sağlamlığı sual altınadıdr. Fazil Qasımov dedi ki, ona təzyiqlər olunub, iqtisadçı Qubad İbadoğlunun üzünə durmasını və saxta ifadələrə qol çəkməsi ilə bağlı təhdid olunub" - deyə, o bildirib.

Hüquq müdafiəçisi Fazil Qasımovun məhkəmədə verdiyi bəyanata da diqqət çəkib:

"Qasımov məhkəmə heyətinin diqqətinə çatdırdı ki, istintaqdan əlavə ona 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən təhdidlər olub. O dedi ki, təcridxananın rəhbərliyi Qasımovu təhdid edib ki, istintaqla əməkdaşlıq etməsə cinsi zorakılığa məruz qalacaq. Məhkəmə müşavirəyə gedəndə mən Qasımovdan sual etdim ki, 1 saylı İstintaq Təcridxanasının rəhbəri Elnur İsmayılov da təhdiddə iştirak edibmi? O bunu təsdiqlədi".

Növbəti məhkəmə prosesi avqustun 29-a təyin olunub.

Penitensiar Xidmət Amerikanın Səsinin Fazil Qasımovun təcridxanada təhdidə məruz qalması ilə bağlı dedikləri barədə sorğusuna hələ cavab verməyib.

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", o əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-ə İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb.

Forum

XS
SM
MD
LG