Accessibility links

Aclığın 78-ci günündə Fazil Qasımovun səhhəti kəskin pisləşib


Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)
Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)

Avqustun 30-da aclığının 78-ci günündə İstanbul Universitetinin doktorantı Fazil Qasımovun səhhəti kəskin pisləşib. Bu, onun qardaşı Nazim Qasımovla görüşü zamanı baş verib.

Nazim Qasımov Amerikanın Səsinə deyib ki, bu gün Fazilin görüşə gəlməyə taqəti olmadığı üçün onu əlil arabasında Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanıldığı otağın yaxınlığındakı vəkil otağında onunla görüşə gətiriblər.

“Fazili əlil arabasında vəkil otağına gətirdilər. 5-10 dəqiqə söhbət etməyə başlamışdıq Fazil halsızlaşdı, dili söz tutar-tutmaz dedi həkim çağır. Qışqırdım, növbətçi hissəyə qaçdım, səsimə ətrafda olan insanlar gəldi, rəis gəldi. Həkim gələnə kimi havaya çıxartdıq. Həkim gəldi, təzyiqini ölçdü, arterial təzyiqi 50/30 göstərdi. İynə vurdu, iynədən sonra tədricən özünə gəldi. Tez-tez təzyiqini ölçdülər, son göstərici 80/50 oldu. 4 saata yaxın yanında oldum. Nə qədər yalvardım yemək qəbul etmədi. Aclığı sonadək davam etdirməkdə israrlı olduğunu bildirdi. Son sözü o oldu ki, heç bir cinayyət törətməyib, dövlət əleyhinə heç bir iş görməyib. Dedi ona dəstək olan bütün insanlardan əziyyətlərini halal etmələrini xahiş edir. Artıq gücü tükənir”, Nazim Qasımov Amerikanın Səsinə deyib.

Nazim Qasımov qardaşının ağır durumunun ona da ağır təsir etdiyini bildirib.

“İnanın allaha, qardaşımı bu vəziyyətdə görüb göz yaşlarıma hakim ola bilmirəm. Bu qədər zülmün səbəbi nədir bilmirəm”, o qeyd edib.

Bununla yanaşı, Fazil Qasımovun səhhəti ilə bağlı Penitensiar Xidmətin Müalicə müəssisəsindən münasibət öyrənmək mümkün olmayıb.

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", Qasımov əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-ə İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Növbəti məhkəmə iclası sentyabrın 19-da olacaq.

Forum

XS
SM
MD
LG